Fransanın V Respublika tarixində görünməmiş hadisə baş verib.
2007-ci il prezident seçkilərini qanunsuz yollarla - Liviya vəsaitləri ilə maliyyələşdirməkdə təqsirli bilinən keçmiş Fransa Prezidenti Nikola Sarkozi bu gün, yəni, oktyabrın 21-də Parisin 14-cü bölgəsində yerləşən “La Sante” həbsxanasına yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, N.Sarkozi səhər saat 9:30 radələrində həbsxanaya aparılıb. Bu zaman bəzi məhbuslar pəncərədən “Sarkozi gəlib!”, - deyə qışqırıblar. Həbsxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Sarkozi həbsə aparılmamışdan əvvəl paytaxt Parisdəki evinin qarşısında onun dəstəkçiləri olan yüzlərlə insan toplaşıb. Həyat yoldaşı Karla Bruni ilə birlikdə avtomobilə əyləşən Sarkozi evindən çıxarkən izdihamı salamlayıb və təşəkkürünü bildirib.
Həbs olunmamışdan əvvəl sosial media hesabında paylaşım edən Sarkozi "Fransanın bu dərəcədə alçaldılması məni dərin bir kədərə boğur", - deyə bildirib. O, məhkəmənin qərarını “intiqam və nifrət dolu bir akt” kimi dəyərləndirib və “Həqiqət qalib gələcək!” sözlərini yazıb.
Paris Cinayət Məhkəməsi Sarkozini 5 il həbs və siyasi fəaliyyətə qadağa, həmçinin 100 min avro cərimə ilə cəzalandırıb. Ona yaxın insanların Liviyanın sabiq lideri Muəmmər Qəddafidən maliyyə yardımı almağa cəhd etdikləri sübut olunub.
Təhlükəsizliklə əlaqədar keçmiş Prezident həbsxanada təcrid şəraitində saxlanılacaq. Onun vəkillərinin məlumatına görə, Sarkozi günlərini yazı yazmaqla keçirəcək. O, özü ilə İsa Məsihin bioqrafiyasını və Aleksandr Dümanın “Monte-Kristo Qrafı” romanını götürüb.
Sarkozinin vəkillərindən Jan-Mişel Darroa bu həbsi “utancverici” adlandırıb. Digər vəkili Kristof Inqren isə bildirib ki, N. Sarkozi rəsmiləşdirmə prosedurlarına əməl etmək üçün həbsxanaya daxil olub və hadisələrə cəsarətlə yanaşır. Vəkil əlavə edib ki, artıq azadlığa buraxılma tələbi təqdim olunub, lakin bunun araşdırılması təxminən 1 ay çəkəcək. “Nə olursa olsun, o, ən azı 3 həftə və ya 1 ay həbsdə qalacaq”, – deyə Inqren “Avropa 1” radiosuna müsahibəsində diqqətə çatdırıb.
Bildirildiyinə görə, N. Sarkozinin apellyasiya şikayətinə 2026-cı ildən tez baxılmayacaq.