Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyanın barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Zarui Postancyan məlumat verib.
Hakim Vardges Sarkisyan səhər saatlarında başa çatan gecə iclasından sonra qərar qəbul edib.
Bundan əvvəl Ermənistan İstintaq Komitəsi meriya binası qarşısında baş verən “kütləvi iğtişaşlar”la bağlı 33 nəfərin həbs edildiyi barədə məlumat yayıb. Agentliyin məlumatına görə, qarşıdurma iştirakçıları istintaq hərəkətlərinə mane olmağa cəhd edib, əmlaka ziyan vurub, polisə qarşı zor tətbiq ediblər.
Xatırladaq ki, oktyabrın 20-də səhər saatlarında təhlükəsizlik qüvvələri Gümrü meriyasında axtarışlar aparıb, bundan sonra Qukasyan və daha bir neçə nəfər rüşvət almaqda ittiham olunaraq saxlanılıb. Daha sonra mer tərəfdarları şəhər meriyasını mühasirəyə alaraq polislə saatlarla davam edən qarşıdurmaya səbəb olub.
Musavat.com