1976-cı ildə Torontoda metro xəttinin tikintisi zamanı tapılan qəribə buynuzların sirri açılıb.
News24.az “Phys.org”-a istinadən xəbər verir ki, tapıntıya elmi olaraq “Torontoceros hypogaeus” – “yeraltı Toronto maralı” adı verilib.
Demək olar ki, 50 il ərzində bu tapıntının hansı növə aid olduğu sirr olaraq qalıb. Aparılan araşdırmada alimlər maral fəsiləsinə aid təxminən 20 qədim nümunənin DNT-sini təhlil edib. Nəticələri sirli buynuzların materialı ilə müqayisə ediblər və heç bir tanınmış növlə uyğunluq aşkarlanmayıb.
Kanadadakı Trent Universitetinin alimləri DNT analiz metodlarındakı irəliləyiş sayəsində müəyyən ediblər ki, bu buynuzlar kosula və ağquyruq maralına yaxın, lakin artıq nəsli kəsilmiş bir növə məxsus olub.
Tədqiqatçılara görə, bu kəşf təxminən 12 min il əvvəl baş verən megafauna nəsil tükənməsi dövrü ilə üst-üstə düşür.
O zaman bir çox iri məməlilər sürətli iqlim dəyişikliklərinə və çox güman ki, insanların meydana çıxmasına uyğunlaşa bilməyiblər.
Komanda əldə edilən məlumatlardan istifadə edərək müasir maral növlərinin indiki və gələcək ekoloji dəyişikliklərə necə reaksiya verə biləcəyini daha yaxşı anlamağı planlaşdırır.
Teymur
