AZ

Narışkin: Bu ölkələr Rusiyaya qarşı müharibəyə hazırlaşırlar

BAKI, 21 oktyabr. TELEQRAF

“Moskva Avropadakı NATO müttəfiqlərinin Rusiya ilə müharibəyə hazırlaşdığını müşahidə edir”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Narışkinin sözlərinə görə, Avropa tərəfdaşlarının qarşısında qısa müddətdə NATO-nun sürətli reaksiya qüvvələrini lazımi silah-sursat və resurslarla təmin etmək tapşırığı qoyulub.

O qeyd edib ki, Avropanın hərbi-sənaye kompleksi bir neçə dəfə istehsal gücünü artırmaq rejiminə keçirilib: “Davamlı olaraq mobilizasiya ssenariləri sınaqdan keçirilir, əhali isə guya Moskvadan gələcək qaçılmaz hücum barədə sistematik təbliğata məruz qalır”.

Narışkin bildirib ki, Rusiyaya məlum olan əsas problemlərdən biri lazımi fiziki və psixoloji hazırlığı olan mobilizasiya ehtiyatının çatışmazlığıdır.

O həmçinin əlavə edib ki, Avropa elitasını narahat edən başqa bir məsələ cəmiyyət, xüsusilə də gənclər arasında sosial apatiya və hakim dairələrə qarşı narazılıqdır.

Narışkinin fikrincə, Brüssel, Paris və Berlində də əminlik yoxdur ki, Rusiya ilə mümkün müharibə başlasa, Vaşinqton NATO-nun 5-ci maddəsi (kollektiv müdafiə öhdəliyi) üzrə öz vəzifələrini tam yerinə yetirəcək, ya yox.

Xarici kəşfiyyat rəhbərinə görə, bu öhdəliklər olmadan Rusiyaya qarşı strateji üstünlüyə nail olmaq planları sadəcə illüziyadır.

Seçilən
82
teleqraf.com

1Mənbələr