Sanae Takaiti Yaponiyanın yeni baş naziri seçilib...
Poliqon xəbər verir ki, Sanae Takaiti Yaponiyanın yeni baş naziri seçilib. 63 yaşlı siyasətçi ölkənin tarixində bu vəzifəyə gələn ilk qadın olub. O, hakim Liberal Demokrat Partiyasını (LDP) təmsil edir və uzun illərdir sərt, millətçi və konservativ baxışları ilə tanınır. Takaiti orduya dəstək verən və Yaponiyanın hərbi qüdrətinin bərpasını, ənənəvi dəyərlərin qorunmasını müdafiə edən dairələrə yaxın fiqur kimi xarakterizə olunur.
Takaitinin gənclik illəri qeyri-adi maraqları ilə seçilib. O, tələbəlik dövründə rok musiqisinə böyük maraq göstərib, Iron Maiden, Black Sabbath və X Japan kimi qrupların pərəstişkarı olub. Hətta bir müddət özü də hevi-metal qrupunda baraban ifaçısı kimi çıxış edib və bu gün də evində elektron baraban qurğusundan istifadə etdiyini deyir. Gəncliyində o, həm də motosiklet həvəskarı olub və Kawasaki Z400GP ilə yarışlara qatılıb.
Siyasi karyerasında Takaiti bir sıra qalmaqallı hadisələrlə yadda qalıb. 2014-cü ildə o, Daxili İşlər və Kommunikasiya naziri vəzifəsinə təyin edildikdən sonra mediada onun neonasist təşkilat lideri Kadzunari Yamada ilə çəkilmiş fotoşəkilləri yayılıb. Yamada açıq şəkildə Hitlerə rəğbət bəslədiyini və 11 sentyabr terror aktlarını dəstəklədiyini söyləmişdi. 2016-cı ildə isə Takaitinin “siyasi qərəzə yol verən televiziya kanallarının yayımı dayandırıla bilər” bəyanatı ölkə ictimaiyyəti və media qurumlarının kəskin tənqidinə səbəb olmuşdu.
2025-ci il oktyabrın 4-də Takaiti Liberal Demokrat Partiyasının lideri seçilib. Daha sonra parlament onun namizədliyini təsdiqləyib və o, Yaponiyanın tarixində ilk qadın baş nazir kimi fəaliyyətə başlayıb.
Qələbə nitqində Takaiti “çox işləmək” və “əmək intizamı”na sədaqət vəd edib.
“Hamı işləyəcək. Loma at kimi işləyəcəyik. Mən isə artıq “iş-həyat balansı” anlayışını lüğətimdən çıxarıram”, deyə deyə yeni baş nazir vurğulayıb.
Takaiti dəfələrlə Böyük Britaniyanın ilk qadın baş naziri Marqaret Tetçeri öz idealı adlandırıb: “Məqsədim Yaponiyanın ‘dəmir ledisi’ olmaqdır”, deyə o, seçki kampaniyası zamanı bəyan etmişdi.
Poliqon.info