Rusiya və Çin alimlərindən ibarət beynəlxalq tədqiqat qrupu Sakit okeanın şimalında nadir və qiymətli metalların sualtı yataqlarını aşkar edib.
QHT.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geokimya və Uzaq Şərq Geologiya institutları, eləcə də Çinin Tonji Universitetinin alimləri İmperator dənizi dağlarında ferromanqan qabıqlarını öyrənərək yüksək miqdarda qurğuşun, kobalt, molibden, volfram və nadir torpaq elementləri tapıblar.
Ekspedisiya “Akademik M.A. Lavrentyev” tədqiqat gəmisində həyata keçirilib, nümunələr 1000–2000 metr dərinlikdən “Comanch-18” sualtı aparatı ilə götürülüb. Bu üsul əvvəlki metodlardan fərqli olaraq nümunələrin yerləşdiyi yerləri GPS koordinatları ilə dəqiq müəyyən etməyə imkan verib.
Ferromanqan qabıqları qədim sualtı vulkanlarda əmələ gəlir və dəniz suyundan dəmir, manqan, qızıl və digər maddələri udur. Analizlər göstərib ki, bu ərazidə metal zənginliyi okean çöküntülərinin orta səviyyəsindən yüksəkdir. Qabıqlar həm dəniz suyundan, həm də qədim vulkanik fəaliyyət nəticəsində yaranan hidrotermal proseslərdən elementlər toplayıb. Aşkar edilən metallar batareyalar, elektronika və bərpa olunan enerji texnologiyaları üçün mühüm əhəmiyyət daşıyır.
R.İmanov