Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən D.D.-nin (adı, soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, D.D. etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkla dələduzluq edib.
Belə ki, o, 2024-cü ildə “Instagram” sosial şəbəkəsində fəaliyyət göstərən “ipeyim.az” səhifəsində zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) onlayn satışa çıxardığı kəlağayı baş örtükləri haqqında elan görüb. Təqsirləndirilən şəxs həmin səhifəyə qısa mesaj yazaraq özünü təqdim edib, “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq özünün Bakı şəhəri, Səbail rayonu, İçərişəhər ərazisində kəlağayı satış dükanı — “SİLK KELAGAI MUSEUM” olduğunu bildirərək onu inandırıb. Sonra D.D zərərçəkmişə xarici vətəndaşlara satış edib 3-4 gün ərzində pulunu ödəyəcəyinə dair yalan vəd verib, həmin vədinə əməl etmək niyyəti olmadan onun etibarından sui-istifadə edib, ümumilikdə 5 000 manat məbləğində kəlağayı baş örtüklərini alaraq dələduzluq edib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunub.
Kamal Məmmədov