Əli Orucov: “Trampın Ukrayna məsələsində qətiyyətsizliyi Putinin xeyrinədir”
ABŞ prezidenti Donald Tramp Ukraynaya “Tomahavk” qanadlı raketləri verməkdən imtina edib. Bu barədə dünya mediasında yayılan məlumatlarda qeyd edilib.
Amerika lideri aydın şəkildə bildirib ki, diplomatiya onun üçün hazırda prioritetdir və raket tədarükü buna xələl gətirə bilər. Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi görüş Qərb mediasında qızğın reaksiyaya səbəb olub. Çoxlarını Rusiya prezidenti Vladimir Putinin Trampı öz qərarlarına yenidən baxmağa necə məcbur edə bildiyi maraqlandırır. Axios mənbələrinə görə, iki prezident arasında Ağ Evdə görüş “çətin” keçib. Heç kim səsini qaldırmasa da, Tramp “sərt” idi və söhbət bəzən “bir az emosional” idi. O, Ukrayna prezidenti Vladimir Zelenskiyə bildirib ki, ABŞ ən azı hələlik Kiyevi “Tomahavk” qanadlı raketləri ilə təmin etməyəcək.
Almaniyanın Der Spiegel jurnalı görüşü “ABŞ prezidentinin diqqətini və rəğbətini qazanmaq üçün daha bir hiylə” adlandırır.
“The New York Times” qəzetinin yazdığına görə, cümə günü görüşün gedişatını dəyişdirə biləcək əsas hadisə Tramp və Rusiya prezidenti Vladimir Putin arasında uzun sürən telefon danışığı olub və görünür bu, Amerika prezidentini “Tomahavk” raketlərinin tədarükü fikrindən daşındırıb. Qəzet hesab edir ki, bu, Trampın Putinlə şəxsi söhbətindən sonra mövqeyini dəyişməsinin daha bir nümunəsidir.
Dünya mediasında ümumi rəy bundan ibarətdir ki, Putin Alyaskada Trampla görüşdükdən sonra Ukraynanı daha amansız bombalayır və müharibə daha şiddətli miqyas alıb.
“Əgər “Tomahavk” raketlərini Ukraynaya versəydi, bu, Kiyevə Rusiyanın dərinliklərində...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, Trampın son anda geri addım atması Putinin işinə yaradı: “Əvvəla, Rusiya Ukraynada müəyyən üstünlüyə malik olsa da vəziyyəti yaxşı deyil. Ən azından ona görə ki, Rusiyanın müharibəni davam etdirməyə resursları tükənməz deyil. Son məlumatlara görə, Rusiyanın daxili dövlət borcu kəskin artıb. Əsgər itkisi həddən artıq çox olduğu üçün artıq bu, cəmiyyətdə narazılıqlara səbəb olur. Əgər “Tomahavk” raketlərini Ukraynaya versəydi, bu, Kiyevə Rusiyanın dərinliklərində yerləşən mühüm strateji məntəqələri vurmağa imkan verərdi. Bunun nəticəsi Rusiya üçün daha ağır olardı. Putin bu təhlükəni hiss etdiyi üçün Zelenskini qabaqlayaraq Trampa zəng etdi. Çox güman ki, 2 saatdan çox davam edən danışıqlarda Putin Trampa hansısa yağlı vəd verib. Bu, Rusiyada olan nadir metallarla bağlı ola bilər. Yəni bu məhsulların hasil edilməsi ilə bağlı görünür ABŞ şirkətlərinə böyük pay veriləcək. Biznesmen təfəkkürünə malik olan Tramp bu səbəbdən “Tomahavk” raketlərini Ukraynaya verməkdən imtina edib. Trampın Ukrayna məsələsində qətiyyətsizliyi Putinin xeyrinədir. Rusiya hər vasitə ilə vaxtı uzadır. Bu da hər gün hər iki tərəfdən minlərlə insanın həyatı bahasına başa gəlir. Düzdür, tarixən Rusiyada insanın dəyəri olmayıb. Ancaq Ukraynanın insan resursları Rusiya qədər deyil”.
Vidadi ORDAHALLI
 
                        