Ekspert qeyd edib ki, kirayə götürən şəxs vergi ödəyicisi deyilsə, şərtlər dəyişir:"Məsələn bir tələbədirsə, bu zaman onun kirayə verənin gəlirindən vergi tutmaq və hesabat vermək imkanı yoxdur. Belə olan halda, kirayə verən şəxs özü uçota durmalı, illik gəlir vergisi bəyannaməsi təqdim etməli və əldə etdiyi kirayə gəlirindən 14 faiz vergi ödəməlidir. Məsələn, aylıq 1000 manat gəlir illik 12 000 manat edir. Bu məbləğdən 14 faiz hesablayaraq dövlət büdcəsinə vergi ödəməlidir".A.Bayramovun sözlərinə görə, Azərbaycanda, xüsusilə də paytaxtda mənzillərin kirayə verilməsi üzrə böyük dövriyyələr olsa da, bu sahədə gəlirlər əksər hallarda rəsmi uçota alınmır:"Regionlardan gələnlər, tələbələr, yeni evlənənlər və s. şəxslər Bakıda kirayə mənzillərdə qalır. Beləliklə, burada böyük məbləğlər dövr edir. Amma kirayə verən şəxslərin əksəriyyəti bu gəlirləri rəsmi şəkildə bəyan etmirlər və qeyri-rəsmi dövriyyə – “qara bazar” üstünlük təşkil edir. Bu vəziyyətin də öz fəsadları var. Məsələn, kirayəçi müəyyən müddətdən sonra kirayə haqqını ödəmədikdə və ya mənzilə maddi zərər yetirdikdə, notarial müqavilə olmadığı üçün kirayə verən hüquqi müstəvidə iddia irəli sürə bilmir. Çünki kirayə qeyri-rəsmi şəkildə həyata keçirilib. Bu isə problem yaradır. Amma getdikcə vəziyyət dəyişir. Artıq bir çox mənzil sahibləri bu fəsadları gördükdən sonra kirayə müqavilələrini notarial qaydada rəsmiləşdirirlər, gəlirlərini rəsmi şəkildə bəyan etməyə başlayırlar. Hüquq-mühafizə orqanları da bu sahədə nəzarəti gücləndirir və nəticə olaraq bu sahədə rəsmi tənzimləmə genişlənir".Sevinc İbrahimzadə / Metbuat.az