Faiq Ələkbərli: “Bu, qətiyyən təsadüfi deyil, çünki hazırda dünyada ən çox diqqət mərkəzində olan bir təşkilat varsa, o da TDT-dir”
Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bu gün də beynəlxalq mətbuatda geniş müzakirə olunur. Dünyanın nüfuzlu mediada qurumları bu Zirvə görüşünə xüsusi yanaşma göstərir.
“Euronews” beynəlxalq telekanalı da Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən son Zirvə toplantısına xüsusi yer ayırıb.
“Euronews”un bu marağının səbəbi nədir? Bu media institutunun Qəbələdə keçirilən türk sammitinə belə maraq göstərməsi, diqqət ayırması nə ilə bağlıdır?
“Burda verilən siyasi mesajlar, açıqlanan məqsəd və hədəflər yalnız yerli medianın deyil, beynəlxalq mətbuatın da diqqətini çəkib”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, bu qətiyyən təsadüfi deyil və tam əsaslıdır: “Bu, qətiyyən təsadüfi deyil, çünki hazırda dünyada ən çox diqqət mərkəzində olan bir təşkilat varsa o da TDT-dir. TDT artıq elə bir mərhələyə qədəm qoyub ki, dünyanın nüfuzlu media orqanlarının diqqətini özünə cəlb edə bilib. Bu hələ başlanğıcdır. Çünki bu təşkilat çoxqütblü dünyada nəinki regional, hətta beynəlxalq aləmdə özünə yer tutmağa başlayıb. Bu, yalnız siyasi, mədəni, iqtisadi məsələ deyil, bu həm də bir hərbi güc, vahid türk ordusunun yaranması, vahid türk gücünün bərpa olunması deməkdir. Bir sözlə, TDT-nin bir güc olmasını ABŞ da, Çin də, Avropa Birliyinə daxil olan dövlətlər də görürlər. Bu olduqca önəmli faktordur.
TDT-in Qəbələ Zirvəsi öz əhəmiyyəti, burda verilən siyasi mesajlarla, açıqlanan məqsəd və hədəflərlə yalnız yerli medianın deyil, beynəlxalq mətbuatın da diqqətini çəkib. O da gizlin deyil ki, bu təşkilat bir qlobal gücə çevrilmək yolundadır”.
Bu baxımdan “Euronews”un Qəbələ sammitinə önəm verməsinin əsassız olmadığını deyən F.Ələkbərli qeyd etdi ki, bütün dünyanın gözü və qulağı TDT-nin Azərbaycanda keçirilən 12-ci tədbirində idi. O hesab edir ki, TDT daha da güclənəcək və özündən daha çox söz etdirəcək. “Biz artıq dünyada böyük bir gücə çevrilirik və bunu düzgün qiymətləndirmək lazımdır. TDT öz gücünü düzgün qiymətləndirib bütün sahələrdə iş birliyini gücləndirməlidir. Bir sözlə, sözdən əmələ keçmək üçün daha ciddi işlər görməliyik. Bu anlamda “Euronews” da, digər beynəlxalq media qurumları da bizdən daha çox söz edəcəklər”-deyə F.Ələkbərli bildirdi.
İradə SARIYEVA