AZ

Rusiyanın ehtiyatında tankların sayı azalıb, lakin o, genişmiqyaslı yenidən silahlanma proqramı hazırlayır

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Açıq mənbə məlumatlarına (OSINT) əsaslanan araşdırmalara görə, Rusiya Ukraynaya qarşı apardığı müharibə zamanı bərpa oluna bilən köhnə tank ehtiyatlarının böyük hissəsini tükəndirib və yaxın on il ərzində zirehli qüvvələrini ciddi şəkildə yeniləməyi planlaşdırır.

Peyk şəkillərini təhlil edən tədqiqatçı Jonpy99-un məlumatına görə, Rusiya bazalarında 2 538 köhnə tank qalıb, onlardan cəmi 92-si normal vəziyyətdədir, digərləri isə təmir tələb edir və ya ümumiyyətlə bərpa olunmaz haldadır.

Digər bir araşdırma - Ukraynalı analitik qrup Frontelligence Insight tərəfindən aparılan tədqiqatda iddia edilir ki, Rusiya tank qoşunlarının yenidən silahlanması üçün iddialı bir proqram hazırlayıb.

OSINT mütəxəssisləri Rusiyanın əsas tank istehsalçısı olan "Uralvaqonzavod" müəssisəsinin daxili sənədlərini dərc ediblər. Bu sənədlərə əsasən, əsas diqqət yeni və təkmilləşdirilmiş T-90 modellərinə (xüsusilə T-90M2 "Rıvok-1" modelinə) yönəldilib.

İstehsalın zirvə dövrü 2027–2029-cu illərə planlaşdırılıb, bundan sonra modelin dəyişdirilməsi və ya istehsal xəttinin modernləşdirilməsi nəzərdə tutulur.

Yeni zirehli texnikanın ümumi istehsal planı 2026–2036-cı illər üçün 2 611 tankdır. Araşdırmaya görə, bu miqdar Rusiyanın tank parkını yeni bir genişmiqyaslı müharibəyə tam hazır vəziyyətə gətirmək üçün kifayət edəcək.

Rusiyanın hazırkı tank qüvvələrinin və tank istehsalının vəziyyəti barədə nə məlumdur?

Bu məqalədə söhbət yalnız tanklardan gedir, baxmayaraq ki, ümumilikdə digər zirehli texnika ilə bağlı vəziyyət də oxşardır.

Rusiyanın xidmətdə olan tanklarının sayı nə qədərdir?

Açıq mənbələrdəki məlumatlara görə, 2021-ci ildə, yəni Ukraynaya hücumdan əvvəl, bütün Rusiya tank bölmələrinin rəsmi (ştat) tərkibində 2 609 ədəd tank mövcud idi. Onların təxminən yarısı nisbətən yeni və modernləşdirilmiş modellər idi, məsələn, T-72B3M, T-80BVM və T-90M "Prorıv".

Həmin dövrdə 12 yeni tank batalyonunun yaradılması da planlaşdırılırdı, bu isə əlavə olaraq təxminən 360–420 tank demək idi.

Müharibənin başlamasından sonra Rusiya ordusunun ştat tərkibi genişləndirildi: Mərkəzi Hərbi Dairənin əvəzinə Moskva və Leninqrad dairələri yaradıldı, həmçinin "Luqansk" və "Donetsk Xalq Respublikaları"nın hərbi birləşmələri bazasında yeni qoşun hissələri formalaşdırıldı.

Bundan əlavə, Müdafiə Nazirliyinin tərkibinə "Vaqner" kimi özəl hərbi şirkətlər də daxil edildi - onların da istifadəsində tanklar var idi.

Müharibənin ilk aylarında Qərb ekspertlərinin qiymətləndirməsinə görə, Rusiyanın döyüşdə olan əsas tanklarının ümumi sayı 3–4 min arasında idi.

Bu, kifayət qədər geniş intervaldır, çünki 1000 tankla təxminən üç tank diviziyası tam şəkildə komplektləşdirilə bilər.

Bu qiymətləndirmə, yəqin ki, həm ehtiyatda olan döyüşə hazır texnikanı, həm də istehsal müəssisələrinin imkanlarını nəzərə alırdı.

Ümumilikdə isə, köhnə və bəziləri qeyri-işlək vəziyyətdə olan tanklar da daxil olmaqla, Rusiyanın zirehli texnikasının sayı barədə London mərkəzli Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) tərəfindən yayımlanan Military Balance hesabatında bildirilir ki, 2021-ci ildə Rusiya ordusunun ixtiyarında müxtəlif tip və modifikasiyalı 10 mindən çox tank olub.

Bəs Rusiya Ukraynada neçə tank itirib?

Oryx analitik qrupunun məlumatına görə, Ukrayna ilə müharibə zamanı Rusiya 4 mindən çox tank itirib: bu rəqəmə məhv edilmiş, tərk edilmiş və düşmən tərəfindən ələ keçirilmiş texnikalar daxildir. Bu, foto və video sübutlarla təsdiqlənmiş məlumatlara əsaslanan ehtiyatlı (konservativ) qiymətləndirmədir, yəni real itkilər çox güman ki, daha yüksəkdir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) hesablayıb ki, təkcə 2024-cü ildə Rusiya təxminən 1400 tank itirib: bu da ayda orta hesabla 116 ədəd deməkdir.

2025-ci ildə Rusiyanın zirehli texnika itkiləri xeyli azalıb.

Ukrayna Baş Qərargahının (müharibə aparan tərəflərin məlumatları kimi, bu məlumatlara da ehtiyatla yanaşmaq lazımdır) məlumatına görə, 2025-ci ilin sentyabrında Rusiya ordusu 68 tank itirib: bu, müharibə başlayandan bəri ən aşağı aylıq göstəricidir.

Bunun bir neçə səbəbi var:

Rusiya tank ehtiyatlarını tükədib və artıq əvvəlki kimi ayda yüzlərlə tank itirməyə imkan verə bilmir.

Əvvəlki mərhələlərdə, xüsusilə Ukrayna müdafiəsinin mühüm mövqeləri uğrunda döyüşlərdə, tanklar çox sayda məhv edilmişdi.

Hazırda hücum əməliyyatları, əsasən, piyada qüvvələri ilə aparılır, bu da texnika itkisini azaldır.

Digər tərəfdən, bu "tanklara qənaət" siyasəti Rusiya üçün ehtiyat qüvvə toplamaq imkanı yaradır.

Rusiya tank itkisini necə kompensasiya edir?

İtkiləri bərpa etməyin üç əsas yolu var:

Təmir

Ən sürətli bərpa üsulu zədələnmiş tankların döyüş meydanından çıxarılması, təmiri və yenidən cəbhəyə qaytarılmasıdır.

Müharibənin ilk mərhələsində Ukrayna qüvvələri tərəfindən Rusiya ekipajlarının tərk etdiyi işlək və ya az zədələnmiş tankların çoxlu sayda ələ keçirilməsi sənədləşdirilmişdi.

Amma indi vəziyyət dəyişib: Rusiya ordusu, demək olar ki, hər zədələnmiş texnikanı arxa cəbhəyə aparmağa çalışır.

Rusiya Silahlı Qüvvələrinin tərkibində Luqansk, Donetsk və Zaporojye bölgələrində, həmçinin Rusiyanın arxa ərazilərində fəaliyyət göstərən təmir briqadaları var.

Mütəxəssislərin fikrincə, zədənin dərəcəsindən asılı olaraq, vurulmuş tankların 30–50 faizi bərpa oluna bilər.

Bundan başqa, tanklar - insanlar kimi - yalnız döyüşdə deyil, həm də qeyri-döyüş səbəblərindən sıradan çıxır: qəzalar,mühərrik və şassi kimi hissələrin aşınması,lülələrin resursunun tükənməsi və s.

Belə nasazlıqların çoxu döyüş şəraitində aradan qaldırıla bilmir, buna görə texnika arxa bazalara göndərilir.

Bərpa

Digər üsul - ehtiyat bazalarında saxlanılan köhnə sovet tanklarının bərpasıdır. Bunlara T-80, T-72, T-62 və hətta daha qədim T-55 modelləri daxildir.

Bu tanklar anbardan çıxarılaraq modernləşdirilir: onlara yeni nişangah sistemləri, istilikgörmə cihazları və dinamik müdafiə sistemləri ("Relikt", "Kontakt-5") quraşdırılır.

Bu texnika müasir modellərlə müqayisədə zəifdir, lakin döyüş bölmələrinin tam komplektləşdirilməsini təmin etməyə kömək edir.

Rus publisisti Aleksey Jivov belə yazır:

"Döyüşə artıq köhnə T-55-lər də daxil olub. O, 1960-cı ili üçün yaxşı tankdır. Onları cəbhədə dəfələrlə görmüşəm. Əksər hallarda bu tanklar uzaq məsafədən atəş açmaq üçün artilleriya qurğusu kimi istifadə olunur. Lakin T-55-dəki 100 mm-lik top artıq müasir müharibələr üçün çox zəifdir".

OSINT tədqiqatçısı Jonpy99, Rusiyanın hərbi texnika anbarlarının peyk şəkillərini izləyərək, müharibədən əvvəl və 2025-ci ilin oktyabrına olan vəziyyətlə bağlı məlumat dərc edib.

Onun təqdim etdiyi cədvəldə tankların sayı və vəziyyəti qiymətləndirilir: bu qiymətləndirmə subyektiv ola bilər, lakin hazırda açıq mənbələrdə mövcud olan ən detallı məlumatlardan biri hesab olunur.

Analitik məlumatlara əsasən, Rusiya tank ehtiyat bazaları Ukraynaya hücumun başlanmasından bəri təxminən üçdə iki nisbətində boşalıb. Bundan əlavə, anbarlardan çıxarılan texnikanın əsas hissəsi daha müasir və nisbətən keyfiyyətli tanklardır.

Amma burada iki vacib məqam var:

Birincisi, peyk şəkilləri yalnız ehtiyat bazalarını göstərir. Oradan çıxarılan tankların bir hissəsi hazırda tank və ya təmir zavodlarında ola bilər.

İkincisi, Ukraynalı hərbi jurnalist Yuriy Butusov xəbərdarlıq edir: "Bu məlumatları "Rusiyada tanklar qurtardı" kimi şərh etmək düzgün olmaz - orada hələ bir neçə il bəs edəcək qədər texnika var".

Araşdırmanın müəllifi Jonpy99 də hesab edir ki, istək olarsa, hətta ən köhnə və yararsız tankları belə döyüşə qaytarmaq mümkündür:

"Bu, yalnız pul, vaxt və "Kreml bu resursları xərcləməyə nə qədər hazırdır" məsələsidir", - deyə o yazır.

Yeni tankların istehsalı

Rusiyada əsasən iki böyük tank istehsalçısı fəaliyyət göstərir:

Nijni Taqildəki "Uralvaqonzavod" - T-90 və müxtəlif modifikasiyalı T-72 tankları üzrə ixtisaslaşıb.

Omsk Nəqliyyat Maşınqayırma Zavodu ("Omsktranşmaş") - əsasən, T-80 seriyalı tanklarla işləyir.

Bundan başqa, Kurgan Maşınqayırma Zavodu da piyada döyüş maşınları və zirehli texnika üçün ehtiyat hissələri istehsal edir.

Açıq mənbələrə görə, 2024-cü ildə Rusiyada təxminən 240 ədəd T-90 (yeni və modernləşdirilmiş modellər daxil olmaqla) istehsal olunub, yəni ayda orta hesabla 20 tank.

Frontelligence Insight analitik qrupunun araşdırdığı "Uralvaqonzavod"un daxili sənədlərinə əsasən, Moskva istehsalı 80 faizi artırmaq və yeni modifikasiya - T-90M2 "Rıvok-1" modelini buraxmağa başlamağı planlaşdırır.

Proqnoza görə: 2028-ci ildə istehsal həcmi zirvəyə çatacaq - 428 ədəd T-90M və T-90M2.

2026–2036-cı illər ərzində ümumilikdə 1783 belə tank istehsal ediləcək və ya modernləşdiriləcək.

Bundan əlavə, 828 ədəd T-72 tankı T-72B3M səviyyəsinə yüksəldiləcək. Beləliklə, bütün modellər (T-90, T-72 və "Terminator" tank dəstəyi maşınları) nəzərə alındıqda, ümumi yenilənmə planı 2611 tank təşkil edir.

Bu işlərin əsas hissəsi 2029-cu ilə qədər yerinə yetirilməlidir.

Araşdırmada qeyd olunur ki, bu, ya yeni genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq, ya da 2030-cu ildən sonra yeni nəsil tanklara keçid planının göstəricisi ola bilər.

Sənəd yalnız tank istehsalı sahəsinin ümumi mənzərəsini əks etdirir. Burada digər müəssisələr, xüsusən də "Omsktranşmaş" barədə məlumat yoxdur - həmin zavod SSRİ dövründən qalma T-80 tanklarının bərpası və modernləşdirilməsi ilə məşğuldur.

Həmçinin, sənəddə T-14 "Armata" tankı barədə də məlumat yoxdur. Bu tank da "Uralvaqonzavod"da istehsal olunur və keçmiş Rusiya baş nazir müavini Dmitri Roqozinin sözlərinə görə, seriya istehsalına 2015-ci ildə başlanmalı idi.

Lakin, görünür, planlar reallaşmayıb - bu il "Armata" tankları hətta Qızıl Meydandakı paradda belə nümayiş etdirilməyib.

* Rusiya hakimiyyəti İlya Abișevi "xarici agentlər" siyahısına daxil edib. BBC bu qərarla qəti şəkildə razılaşmır və onu məhkəmədə mübahisələndirir.

Seçilən
63
bbc.com

1Mənbələr