AZ

Vatikanda Azərbaycanın humanitar diplomatiyasının yeni səhifələri yazıldı...


Tural İrfan: “Mehriban Əliyevanın Vatikana səfəri və onun digər xarici ölkələrdə gördüyü səmərəli işlər dövlətin humanitar diplomatiyasının bariz nümünəsidir”

Azərbaycan-Vatikan əlaqələri uğurla davam edir və bu əlaqələr son illər daha da inkişaf edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda keçirdiyi görüşlər, Heydər Əliyev Fondunun dəstəyi ilə burada görülən işlər, xüsusilə Vatikanda Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa və tikinti işləri Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu bütün dünyaya nümayiş etdirməkdədir.

Mehriban Əliyevanın qarşılıqlı anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına göstərdiyi dəyərli dəstək həm də Azərbaycanın dünya birliyindəki nüfuzu baxımından olduqca önəmli hadisə sayılmalıdır. Çünki belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət edir. Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskualenin bəyan etdiyi kimi, “Mehriban Əliyeva uzun illərdir ki, dünya sivilizasiyasına dəyərli töhfələr verir, bəşəriyyətin mədəni intibahını zənginləşdirir”.

2013-cü və 2014-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq həyata keçirilib.

Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq azərbaycanlı alim və tədqiqatçılara burada mühafizə olunan nadir əlyazmalara, qədim xəritələrə, eləcə də müxtəlif dillərdə dəyərli nəşrlərə çıxış imkanı verəcək. Bu həm də gələcəkdə Azərbaycanın tarixi və mədəni irsi barədə yeni və mühüm məlumatların əldə olunmasına şərait yaradacaq.
Mehriban Əliyevanın xaricdə gördüyü işlər humanitar diplomatiyanın nümunələri sayıla bilərmi və bunların Azərbaycan üçün hansı praktik üstünlükləri var?

Burda söhbət Vatikandakı dini kitabxanada, arxivdə və sairdə həyata keçirilən bərpa işlərindən gedir ki, M.Əliyeva bu sahədə ciddi işlər görüb.

“Təmir, bərpa, yeniləmə işlərində Azərbaycanın rolunun artması Vatikanla ölkəmiz arasında münasibətlərin daha da yaxınlaşmasına gətirib çıxarır”

Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri və onun digər xarici ölkələrdə gördüyü səmərəli işlər dövlətin humanitar diplomatiyasının bariz nümünəsidir. Azərbaycanın mədəni, mənəvi dəyərlərinin dünyaya tanıdılmasında, nüfuzlu dövlət və beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın rolu nəzərəçarpacaq dərəcədə əhəmiyyətlidir”-deyə bildirdi.

T.İrfan qeyd etdi ki, Azərbaycan dövləti ümumiyyətlə tolerantlıq sahəsində dünyada bir çoxlarına nümunə olacaq ölkədir, bu tolerantlıq xalqımızın genetik xüsusiyyətlərindən və tarixi ənənələrindən gəlsə də, dövlətin rolu da burada çox böyükdür. “Çünki dövlət səviyyəsində tolerantlıq məsələsinə ciddi diqqət ayrılır, işlər görülür və bu məsələ hər zaman nəzərdə saxlanılır. Azərbaycanda dinlərə dözümlü yanaşma, fərqli inanclara tolerant münasibət, multikultural dəyərlərin yaşadılması həmişə önəm kəsb edib. Dünyada əsas üç xristian məzhəbi var ki, binalardan ən çox mənsubu olan Katoliklikdir. Dünya xristianlarının təxminən 1 milyard 200 mini katolikdir. Azərbaycanda da Katolik kilsəsi və Roma Papasının nümayəndəsi var. Hətta yeni digər bir kilsə də tikiləcək. Dövlət səviyyəsində Roma Papası və Vatikanla münasibətlərin həmişə yüksək olması ölkəmizə bir çox yönlərdən fayda gətirir. Mütəmadi olaraq görüşlər keçirilir, səfərlər baş tutur, qarşılıqlı əlaqələr inkişaf edir. Azərbaycan Respublikasın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfəri də çox əhəmiyyətli və yaddaqalan oldu. Səmərəli görüş dinlər və mədəniyyətlərarası dialoqa, anlaşmaya Azərbaycanın hər zaman sadiqliyinin bariz nümunəsidir. Vatikan və Roma Papası xristian aləmində böyük mənəvi üstünlüyə, nüfuza malikdir. Azərbaycanın bu cür əlaqələri, yaxın münasibətləri ölkəmizin dəyərlərə, mədəniyyətlərə, dinlərə qarşı olan yüksək tolerantlıq siyasətinin təzühürüdür. Mehriban xanım Əliyevanın Vatikanda yüksək səviyyədə qarşılanması və keçirilən görüşlər, Roma Papası 14-cü Leo ilə fikir mübadiləsi bir daha dövlətimizin dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini təsdiq etmiş oldu. Açıq demək lazımdır ki, heç bir müsəlman ölkəsində Azərbaycan qədər xristianlara, yəhudilərə tolerant münasibət yoxdur. Azərbaycanda isə inancına görə heç kəs təqib olunmur, təzyiqə məruz qalmır, incidilmir. Əksinə, dini konfessiyaların fəaliyyətinin sağlam olması üçün dövlət onlara maddi, mənəvi dəstək olur. Müsəlmanlar Katolik kilsəsinə gedir, onlar müsəlmanların tədbirlərinə, məclislərinə qatılır və qarşılıqlı dostluq, qohumluq, iş birliyi nümayiş etdirirlər. Azərbaycanın bu tolerantlıq ənənəsi dünyanın bir çox ölkəsinə nümunədir. İstər müsəlman təriqət və məzhəbləri arasında, istərsə də qeyri - müsəlman din və təriqətləri arasında mövcud olan tolerantlığın davamlı olması və daha da möhkəmlənməsi üçün dövlət əhəmiyyətli işlər görməkdədir. Məhz bu nəticə Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfərində də özünü büruzə verdi. Azərbaycanın ümumiyyətlə dünyada sülhə, sabitliyə, dinlərarası dialoqa verdiyi töhfələr hər zaman yüksək qiymətə layiq olub. Bu həqiqət Roma Papaları da daxil olmaqla dünyanın nüfuzlu dini liderləri tərəfindən ifadə edilib. Xüsusilə qeyd etmək lazımdır ki, bu dəyərlərin yaşadılmasında və inkişaf etməsində, dinlər və mədəniyyətlərarası tolerantlıq və beynəlxaq multikultural dəyərlərə töhfə verilməsində, dialoq və anlaşmaların həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın böyük, əhəmiyyətli rolu var. Vatikanda dünyanın önəmli arxivlərindən biri yerləşir. Təmir, bərpa, yeniləmə işlərində Azərbaycanın rolunun artması Vatikanla ölkəmiz arasında münasibətlərin daha da yaxınlaşmasına gətirib çıxarır”-deyə T.İrfan qeyd etdi.

İradə SARIYEVA

Seçilən
89
baki-xeber.com

1Mənbələr