AZ

Azərbaycanda müəllimlərin rotasiyası tətbiq oluna bilər - AÇIQLAMA

"Rotasiyanın üstün tərəfləri var. Rotasiya yeni mühit, yeni motivasiya yaradır. Başqa bir məktəbdə işləyən müəllim digər məktəbdə öz təcrübəsini paylaşır".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Rizvan Fikrətoğlu müəllimlərin rotasiya olunması ilə bağlı irəli sürülən təklifdən danışarkən bildirdi.

Onun sözlərinə görə, burada əsas məsələ sabitliyin pozulması halıdır:

"Çünki müəllim işlədiyi köhnə kollektivinə uyğunlaşır, öyrəşir. Bir sıra müəllimlər üçün rotasiya olunduğu məktəb uzaqda ola bilər, bu da müəyyən qədər məişət çətinliyi yarada bilər. Azərbaycanda rotasiya bir sıra sahələrdə var. Məsələn, dövlət qulluğu sahələrini nümunə göstərə bilərik. Burada qulluqda yüksəliş var, yəni irəli getmək mümkündür. Hətta “Dövlət qulluğu haqqında” qanunda qeyd olunur ki, vəzifə yüksəlişi zamanı rotasiyaya da baxırlar. Amma Azərbaycanda müəllimlərin yüksəlişi deyə bir şey yoxdur, müəllim yenə müəllimdir. Maksimum direktor ola bilir, onun üçün də imtahan verir. Müəllimlərə heç bir dərəcə verilmir. Dərəcə verilsə, bu, ən azından üstünlük yarada bilər. Həmçinin bizdə əmək haqları elə bir formadadır ki, o əməkhaqqı ilə rotasiya olunmaq müəllimə lazım deyil. Müəllimin maaşı yüksəlməli, müəllimlər dərəcələndirilməlidir. Bakıda olan müəllimi göndərdilər Gədəbəyə, halbuki o, balını yığıb Bakıya düşüb. Bu, hazırkı vəziyyətdə düzgün yanaşma hesab olunmaz".

R.Fikrətoğlu qeyd etdi ki, rotasiya beynəlxalq təcrübədə var:

"Amma ölkədən-ölkəyə bunun forması dəyişir. Yaponiyada rotasiya dövlət siyasəti hesab olunur. Müəllimlər adətən üç-altı ildən bir başqa məktəbə göndərilir. Burada məqsəd tədrisdə ədalət yaratmaq, təcrübəni paylaşmaqdır. Məsələn, müəllim bir yerə bağlı və passiv duruma düşə bilər, rotasiya bu zaman vəziyyətdən xilas eləmək üçündür. Burada rotasiya həm ucqar, həm də şəhər məktəblərində olur. Yəni müəllim şəhərdən kəndə, kənddən şəhərə belə rotasiya oluna bilər. Amma rotasiya zamanı dövlət onların yaşayış və nəqliyyat xərclərini də nəzərə alır.

Cənubi Koreyada da oxşar sistem var. Amma daha çox inzibati və idarəedici müəllimlər - direktor, direktor müavinləri rotasiya olunur. Adi müəllimlər üçün rotasiya könüllü olur. Amma bölgələr arasında bərabərliyi qurmaq üçün bəzən məcburi dəyişikliklər də ola bilər. Finlandiyada, Almaniyada demək olar ki, rotasiya yoxdur, söhbət müəllim rotasiyasından gedir. Müəllim istədiyi müddətdə eyni məktəbdə işləyə bilər. Onlar hesab edirlər ki, sabitlik və uzunmüddətli əlaqələr tədris keyfiyyətini artıra bilər. Lakin müəllimlər öz istəkləri ilə başqa məktəbə keçə bilərlər. Bu da təcrübə mübadiləsini təmin edir.

Böyük Britaniyada rotasiya formal şəkildə deyil. Amma müəllimlər tez-tez karyera yüksəlişi, daha yaxşı maaş və yaxud da layihələr səbəbi ilə məktəbi dəyişirlər.

Ümumiyyətlə, rotasiya sistemi bəzi Asiya ölkələrində də uğurla işləyir, çünki sistem sosial dəstəklə həyata keçirilir. Burada ödəniş baxımından müəllimin yaşayış xərcləri, nəqliyyat, digər xərclər yüksək səviyyədə qarşılanır".

Müsahibimiz Azərbaycanda da müəllimlərinin rotasiya oluna bilməsi məsələsinə də toxundu:

"Rotasiya bizdə tətbiq oluna bilər. Amma rotasiyaya qədər bir çox işlər görülməlidir. Bu gün Azərbaycanda elə məktəblər var ki, orada təcrübəli müəllimlərin sayı hədsiz çoxdur. Digərlərində isə kadr çatışmazlığı var. Bu halda rotasiya balanslaşdırmanı həyata keçirə bilər. Amma burada müəllimin yaşayış məsələsi, həyat sabitliyinin pozulması, digər xərclərin nəzərə alınması məsələsi var. İlkin mərhələdə rotasiya Azərbaycanda könüllü şəkildə baş tuta bilər. Bu, uğurlu olsa, gələcəkdə digər modellər düşünülə bilər".

Aytəkin TOFİQQIZI

Seçilən
60
redaktor.az

1Mənbələr