AZ

Bakı və Astana Orta Dəhliz və rəqəmsal inteqrasiya ilə əməkdaşlığı dərinləşdirir - Qazax ekspert

Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu gün çox yüksək səviyyədədir və həm siyasi, həm də strateji əməkdaşlıq baxımından qarşılıqlı etimadı nümayiş etdirir.

Bunu Qazaxıstanın Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun etnomediatoru Rüstəm Bektrumov APA-nın Astanaya ezam olunmuş əməkdaşına bildirib.

Onun sözlərinə görə, bu əlaqələrin əsasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsipləri dayanır: “Bu münasibətləri müxtəlif istiqamətlərdə müşahidə etmək mümkündür. İlk növbədə, bu, iki ölkə arasında ticarət dövriyyəsidir. Təkcə 2025-ci ilin yanvar–avqust ayları ərzində ticarət dövriyyəsi təxminən 540 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur. Bu, olduqca mühüm göstəricidir. Həmçinin, qarşılıqlı investisiya layihələrinin həcmi də əhəmiyyətlidir. Bununla yanaşı, mədəni və təhsil əlaqələri də fəal şəkildə inkişaf edir.”

Etnomediator qeyd edib ki, ən böyük layihələrdən biri nəqliyyat-logistika sahəsində əməkdaşlıqdır: “Bu istiqamətdə əsas təşəbbüslərdən biri Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində həyata keçirilir. Bu marşrutda Azərbaycan əsas logistika mərkəzi rolunu oynayır, Qazaxıstan isə Mərkəzi Asiya regionunun əsas həlqəsi kimi fəal iştirak edir. Dəhliz Çindən başlayaraq Qazaxıstan, Azərbaycan, Türkiyə və Avropa istiqamətində uzanır. Bu, region üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıyır. Layihə sayəsində logistika və investisiyaların həcmi daha da artacaq. İkinci mühüm istiqamət rəqəmsallaşmadır. Hazırda həm Qazaxıstan, həm də Azərbaycan bu sahədə aktiv islahatlar həyata keçirir. Xüsusilə logistika sektorunda rəqəmsal inteqrasiya prosesi davam edir və bu istiqamətdə iki ölkə arasında birgə rəqəmsal layihələrin inteqrasiyası nəzərdə tutulur.”

O, qeyd edib ki, Xəzər dənizi vasitəsilə Qazaxıstan və Azərbaycan arasında optik lifli kabelin çəkilməsi layihəsi də həyata keçirilir.

Bu layihə təkcə iki ölkə üçün deyil, həm də bütün Mərkəzi Asiya regionu üçün mühüm əhəmiyyət daşıyacaq. Layihə sayəsində təkcə Azərbaycana deyil, bütün Avropaya geniş çıxış imkanları yaranacaq. Bu əsas layihələrlə yanaşı, mədəni və qardaşlıq əlaqələri, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və TÜRKPA kimi platformalarda sıx əməkdaşlıq münasibətləri də ən yüksək səviyyədə davam edir. Qazaxıstanda yaşayan azərbaycanlılar da bu dostluğun canlı nümunəsidir,” deyə o, fikrini yekunlaşdırıb.

Seçilən
102
apa.az

1Mənbələr