Naxçıvan Muxtar Respublikasında bərpaolunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında isə 48 faiz təşkil edir.
Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə 20 Oktyabr Energetiklər Günü münasibətilə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilir.
Bildirilir ki, yaxın perspektivdə 50 MVt gücündə günəş elektrik stansiyasının, eləcə də 51,6 MVt gücündə Tivi və Ordubad su elektrik stansiyalarının istismara verilməsi ilə bu göstəricilərin daha da artacağı gözlənilir. Həmçinin bərpaolunan enerji layihələri üçün nəzərdə tutulan torpaq sahələrində əsasən ixrac məqsədilə 3 QVt-dan artıq günəş və külək enerjisi istehsal gücünün yaradılması mümkündür. Bu potensialdan yararlanmaq üçün Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı və şəbəkəyə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə hər iki ölkənin birgə iştirakı ilə tədqiqatlar aparılır. Azərbaycan elektrik enerjisinin Naxçıvandan birbaşa Türkiyəyə, oradan isə Avropaya ötürülməsi ilə yanaşı, Zəngəzur dəhlizi vasitəsilə Ermənistan üzərindən nəql perspektivinə də malikdir. Bu təşəbbüs yalnız Naxçıvanın elektroenergetika sistemini ölkənin enerji şəbəkəsinə birləşdirmir, eyni zamanda “Azərbaycan (Naxçıvan MR) - Türkiyə - Avropa Enerji Qovşağı” layihəsinin reallaşması baxımından da strateji əhəmiyyət kəsb edir.
Layihə çərçivəsində Naxçıvanda 400/330/110/35/10 kV-luq çevirici yarımstansiyanın, 330 kV-luq “Cəbrayıl-Naxçıvan” və 400 kV-luq “Naxçıvan-Türkiyə” elektrik verilişi xətlərinin tikintisi üzrə hazırlıq və mühəndislik işləri həyata keçirilir. Cəbrayıl enerji qovşağını Naxçıvanla birləşdirən infrastruktur sayəsində bu strateji bölgələr nəinki inteqrasiya olunacaq, həm də ölkənin yaşıl enerji”təchizat siyasətini daha balanslı və dayanıqlı edəcək. Davamlı sülhün təminatında mühüm elementlərdən biri olan regional bağlantılar amili Zəngəzur dəhlizinin timsalında, ölkəmizin digər bölgələrindən, Xəzər dənizindən və Mərkəzi Asiyadan yaşıl enerjinin nəqli üçün marşrutları və bazarları şaxələndirərək, Azərbaycanı regionun əsas enerji nəqliyyat qovşaqlarından birinə çevirəcək.