AZ

Yücel Karauz: “Birlik-2025” ortaq təhlükəsizlik anlayışının formalaşmasına xidmət edir

Azərbaycan NATO və Qarabağ təcrübəsini bölüşməklə regional sabitliyə töhfə verir

Hazırda təhlükəsizlik məsələləri daha da önəm qazanıb. Fərqli təhdidlərə qarşı mübarizə aparmaq üçün ölkələr arasında əməkdaşlıq və birgə fəaliyyət çox vacibdir. Bu məqsədlə Özbəkistanın Səmərqənd vilayətində “Birlik-2025” adlı birgə hərbi təlim keçirilir. Təlimdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçiləri iştirak edir.
Üç mərhələdən ibarət olan bu təlimdə əsas məqsəd sərhədlərin qorunması, qanunsuz silahlı dəstələrin tapılıb zərərsizləşdirilməsi və ölkələrin birgə əməliyyat keçirmək bacarığının artırılmasıdır. Eyni zamanda, bu təlimlər ölkələr arasında əlaqələrin güclənməsinə, qarşılıqlı anlaşmanın və əməkdaşlığın inkişafına kömək edir.
Azərbaycanın bu prosesdə iştirakı, həm NATO-da, həm də Qarabağ müharibəsində qazandığı təcrübəni bölüşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə ölkəmizdə keçiriləcək təlimlərə hazırlıq üçün də bu cür tədbirlər mühüm rol oynayır.

Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a açıqlamasında bu təlimlərin eyni zamanda əlaqə sistemlərində ortaq dilin istifadəsini də ön plana çıxardığını söyləyib:

"Özbəkistanda keçirilən "Birlik 2025" hərbi təlimi müasir dövrün risk və təhdidlərinə uyğun olaraq hibrid təhdidlərə qarşı mübarizə aparmaq məqsədi daşıyır. Bu təlimin iştirakçı ölkələrin təhdid dəyərləndirmələrinə uyğun ssenarilər əsasında təşkil olunması da olduqca əhəmiyyətlidir. Çünki bu dövlətlərin ümumi təhdid anlayışı, ilk növbədə, sərhədlərini qorumağa yönəlib. İkinci məqsəd isə müdafiə qabiliyyətlərini gücləndirmək, qeyri-qanuni miqrasiya və terrorla mübarizədə effektiv tədbirlər görməkdir. Təbii ki, fərqli ölkələrin birgə hərbi təlimlər keçirməsinin əsas məqsədlərindən biri mövcud və yarana biləcək təhdidləri vaxtında müəyyənləşdirməkdir. Daha sonra isə həmin təhdidlərin aradan qaldırılması, zərərsizləşdirilməsi və məhv edilməsi üzrə imkan və bacarıqları artırmaq hədəflənir.
Eyni zamanda, bu təlimlər əlaqə sistemlərində ortaq dilin istifadəsini də ön plana çıxarır. Burada “ortaq dil” dedikdə koordinasiya və qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
Bir neçə dövlətin iştirakı ilə keçirilən təlimlər ölkələrə yeni təcrübə qazandırır və birgə fəaliyyət mədəniyyətini gücləndirir. Bu da bölgədə yarana biləcək təhdidlərə qarşı birgə mübarizə qabiliyyətini artırır".

Türk general Bb istiqamətdə həyata keçirilən təlimlərin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən toplantısından sonra Prezident İlham Əliyevin ifadə etdiyi yeni təhlükəsizlik paradiqmasına da uyğun olduğunu bildirib:
"Təlimlərin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi, gələcəkdə hava və dəniz qüvvələrinin də bu təlimlərə cəlb olunması halında daha da əhəmiyyətli olacaqdır. Əks halda, gözlənilməz şəkildə baş verə biləcək hadisələrə lazım olan reaksiya vaxtında göstərilə bilməz. Bu baxımdan bu cür təlimlər olduqca vacibdir.
Azərbaycanın həm NATO-da qazandığı təcrübəni, həm də Qarabağ müharibəsindəki real döyüş təcrübəsini bölüşməsi də xüsusi əhəmiyyət daşıyır. Bu hazırlıq gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan TDT təlimlərinə də bir növ zəmin yaradır".
Seçilən
30
sherg.az

1Mənbələr