ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı tətbiq edilən ticarət rüsumlarının yalnız bir halda ləğv ediləcəyini bəyan edib.
AzPost xarici mediaya istinadən xəbər verir ki, Tramp Hindistanın Rusiyadan neft idxalından imtina etmədiyi təqdirdə bu ölkənin ABŞ tərəfindən yüksək gömrük rüsumları ödəməyə davam edəcəyini bildirib.
Tramp bu açıqlamanı Vaşinqtona uçuşu zamanı təyyarədə jurnalistlərlə söhbətində verib. Onun sözlərinə görə, ABŞ Hindistanla ticarət münasibətlərini inkişaf etdirmək istəyir, lakin bu, yalnız Nyu-Dehlin Moskva ilə enerji əməkdaşlığını dayandırması halında mümkün olacaq.
“Əgər onlar Rusiya nefti haqqında danışmaq istəyirlərsə, bu mövzunun nəticəsi rüsumların davam etməsidir. Onlar isə bunu istəmirlər,” – deyə Tramp bildirib.
Hazırda Hindistan Rusiyadan gündəlik milyonlarla barrel ucuz xam neft idxal edir və bu, Qərb sanksiyalarının tətbiqindən sonra Rusiya üçün mühüm gəlir mənbəyinə çevrilib.
Ekspertlər qeyd edirlər ki, Tramp administrasiyası Rusiya neftinin Qərb bazarlarında dolayı yollarla satışının qarşısını almağa çalışır. ABŞ-ın bu mövqeyi həm enerji bazarında geosiyasi gərginliyi artırır, həm də Vaşinqton–Nyu-Dehli münasibətlərinə təsir göstərə bilər.