Avropa İttifaqı tam səsvermə hüququ olmayan yeni üzvlərin qəbuluna başlaya bilər
Ajans.az xəbər verir ki,bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, yeni üzv ölkələr Aİ-nin qərarlarına veto hüququna malik olmayacaq. Blok daxilində qərar qəbuletmə sistemində islahatlar həyata keçirildikdən sonra isə həmin ölkələr tam səsvermə hüququ əldə edəcəklər. Bu isə Aİ-nin təsis sənədlərinə yenidən baxılmasını tələb edir. Almaniyanın Bundestaq üzvü Anton Hofreiter “Politico”ya bildirib ki, “Gələcək üzv dövlətlər Aİ institutları islah olunana qədər veto hüquqlarından imtina etməlidirlər. Məsələn, əksər məsələlərdə ixtisaslı çoxluq səsverməsi tətbiq olunmalıdır. Ayrı-ayrı üzv dövlətlər islahatları bloklayaraq genişlənmə prosesinə mane olmamalıdırlar”. Nəşrin mənbələri bildirirlər ki, müzakirələr hələ qeyri-rəsmi mərhələdədir və belə bir sxemin tətbiqi üçün bütün üzv ölkələrin razılığı tələb olunacaq. Bu ideya Avstriya və İsveç kimi Aİ-nin genişlənməsini dəstəkləyən ölkələr tərəfindən irəli sürülür.