AZ

QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır


"Son illər Azərbaycanda vətəndaş cəmiyyəti özünü sözün həqiqi mənasında inkişaf dövrünü yaşayır. İstər yerli, istərsə də beynəlxalq səviyyələrdə qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən tədbirlər, konfrans və forumlar Azərbaycanda vətəndaş cəmiyyətinin bir institut kimi formalaşması, onun aparıcı qüvvəyə çevrilməsinə öz müsbət təsirini göstərir. Bu mənada bu günlərdə Xankəndində keçirilən Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu da xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri Newscenter.az-a "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin sədri İlham İsmayılov səsləndirib. İctimai birlik sədri deyib ki, belə forumlar ictimai sektorun inkişafı, vətəndaş cəmiyyətinin gücləndirilməsi və müxtəlif sosial problemlərin həllində birgə fəaliyyətin təşviqi baxımından əhəmiyyətlidir.

İlham İsmayılovun sözlərinə görə, QHT-lərin əməkdaşlıq forumları ayrı-ayrı təşkilatların öz fəaliyyət sahələri üzrə təcrübə, bilik və metodologiyalarını paylaşması üçün əlverişli platformadır:

"Bu, onların daha effektiv fəaliyyət göstərməsinə və yeni yanaşmaları mənimsəməsinə şərait yaradır. Digər tərəfdən bu forumlar müxtəlif QHT-lər arasında əməkdaşlıq əlaqələrinin qurulmasına, ortaq layihələrin hazırlanmasına və resursların paylaşılmasına imkan verir. Şəbəkələşmə həm də təşkilatların yerli və beynəlxalq qurumlarla əlaqə qurmasını asanlaşdırır".

ATXƏM sədri deyib ki, QHT-lər vətəndaş cəmiyyətinin əsas sütunlarından biridir:

"Forumlar bu təşkilatların bir araya gələrək daha güclü ictimai təsir gücünə malik olmalarına və dövlət qurumları ilə daha səmərəli dialoq qurmalarına şərait yaradır".

Forumun Xankəndində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən İlham İsmayılov bildirib ki, bu həm də vətəndaş cəmiyyətinin işğaldan azad olunmuş ərazilərdə mövcud olan problemləri yaxından öyrənməsi, həmin problemlərin həllində dövlətin müvafiq qurumları ilə birgə əməkdaşlıq çərçivəsində iştirak etməsi baxımından da səmərəlidir:

"Bir sözlə QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün strateji əhəmiyyət kəsb edir. Bu forumlar vətəndaş təşəbbüslərinin koordinasiyasını artırır, sosial innovasiyaların yayılmasına təkan verir və cəmiyyətin problemlərinə daha çevik cavab verilməsinə imkan yaradır".

ATXƏM sədri hesab edir ki, bu kimi forumların artıq beynəlxalq səviyyədə, xüsusilə də Türk dünyası coğrafiyası üzrə keçirilməsi də məqsədəuyğun olardı:

"Düzdür, QHT-lərə Dövlət Dəstəyi Agentliyi artıq Özbəkistanla, Qazaxıstanla buna oxşar tədbirlər təşkil edib və bu istiqamətdə müvafiq sənədlər imzalanıb. Yaxın vaxtlarda Qazaxıstan qeyri-hökumət təşkilatları ilə daha bir mühüm toplantının keçirilməsi nəzərdə tutulur. Əminəm ki, bu əməkdaşlıq imkanları, bu tipli forumlarların digər türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları ilə də keçirilməsi mümkün olacaq və QHT-lər ümumi türk dünyasının problemlərinin həllində koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklər".

Süleyman
Seçilən
38
newscenter.az

1Mənbələr