AZ

Aİ Rusiyadan qaz idxalını qadağan etməyə yaxındır

Yeni razılaşma 2027-ci ilin sonunadək qüvvəyə minə bilər...

Poliqon xəbər verir ki, Avropa İttifaqı ölkələri Rusiyadan qaz idxalına qadağa qoyulması barədə razılığa gəlməyə yaxındır. Bloomberg Agentliyinin məlumatına görə, Aİ-nin energetika nazirləri bu məsələ üzrə ortaq mövqeni razılaşdırmaq niyyətindədirlər. Rəsmi görüş bu gün Lüksemburqda keçiriləcək.

İlkin plana əsasən, qadağa 2027-ci ilin sonunadək tam qüvvəyə minəcək. Qərarın ilk mərhələsi 2026-cı ilin iyun ayından etibarən tətbiq edilə bilər və Rusiyadan mövcud qısamüddətli müqavilələr çərçivəsində qaz tədarükünü dayandırmağı nəzərdə tutur. Bununla belə, dənizə çıxışı olmayan ölkələr, o cümlədən Macarıstan və Slovakiya müvəqqəti istisna siyahısına daxil ediləcək.

Uzunmüddətli qaz müqavilələrinin dayandırılması isə qadağanın tətbiqindən 18 ay sonra qüvvəyə minəcək. Mənbələr bildirir ki, bu qərar Avropa enerji bazarını Rusiya qazından asılılıqdan xilas etmək üçün nəzərdə tutulub.

Aİ qaydalarına görə, bu cür qadağanın qəbul edilməsi üçün üzv dövlətlərin “ixtisaslı çoxluğu”nun dəstəyi kifayətdir. Bu isə o deməkdir ki, qərar Macarıstan və Slovakiya kimi ölkələr etiraz etsələr belə qəbul oluna bilər.

Ekspertlər hesab edirlər ki, bu addım həm Avropanın enerji təhlükəsizliyini gücləndirəcək, həm də Rusiyanın qaz ixracından əldə etdiyi gəlirləri əhəmiyyətli dərəcədə azaldacaq.

Poliqon.info

Seçilən
107
poliqon.info

1Mənbələr