BAKI, 20 oktyabr. TELEQRAF
AYB sədri, Xalq yazıçısı Anar Rzayev son illər AYB üzvlərinə fəxri ad verilməsinə Prezident Administrasiyasının (PA) sabiq sədri Ramiz Mehdiyevin mane olduğu barədə yayılan iddialara cavab verib.
Anar Rzayev Teleqraf-a açıqlamasında iddiaların doğru olmadığını deyib: "Bu iddia doğru deyil. Amma bir-iki ildir yazıçılara fəxri ad verilmir".
AYB sədri fəxri adların verilmə prosedurunu xatırladıb: "Siyahını hazırlayıb Prezident Administrasiyasına təqdim edirik. Fəxri adların verilməsi prosesi isə Prezident Administrasiyası tərəfindən həyata keçirilir".
Qeyd edək ki, sosial şəbəkədə AYB üzvü şair Firuzə Məmmədli sabiq PA rəhbəri Ramiz Mehdiyevlə yazıçılar təşkilatı arasında konflikti əsas gətirərək fəxri adların verilməsinin əngəlləndiyini bildirib.
Firzuzə Məmmədlinin qeyd etdiyinə görə, Ramiz Mehdiyev yazıçıları Qarabağ faciəsindən əsər yazmamaqda günahlandırıb. Buna cavab olaraq AYB rəhbərliyində təmsil olunan mərhum Xalq şairi Fikrət Qoca mətbuatda etiraz məqaləsi yazıb.
"Bundan bərk qəzəblənən Ramiz Mehdiyev and içmişdi ki, yazıçılar bundan sonra nə mükafat, nə də fəxri ad ala biləcəklər" - Firuzə Məmmədli qeyd edib.