BAKI, 20 oktyabr. TELEQRAF
Polşanın paytaxtı Varşavada Baş nazir Donald Tuskun rəhbərlik etdiyi "Vətəndaş Koalisiyası" ittifaqına daxil olan "Vətəndaş Platforması" partiyasının ofisinə hücum edilib.
Teleqraf xəbər verir ki, bu barədə TVN24 telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə zamanı naməlum şəxslərdən biri partiyanın ofisinə içərisində yandırıcı maye olan butulka atıb. Zərbə nəticəsində binanın şüşə qapısı qırılıb, lakin yanğın baş verməyib.
Məlumata görə, hücumda iki nəfər iştirak edib. Onlardan biri - 44 yaşlı Polşa vətəndaşı polis tərəfindən saxlanılıb. Araşdırmalar zamanı onun əvvəllər Donald Tuska qarşı təhdidlərə görə məsuliyyətə cəlb edildiyi müəyyən olunub.
Polis hadisə ilə bağlı istintaqa başlayıb. "Vətəndaş Platforması" partiyasının nümayəndələri baş verənləri terror aktı kimi qiymətləndiriblər.