Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44%, istehsalında isə 48% təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə 20 Oktyabr Energetiklər Günü münasibətilə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc olunan “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində qeyd olunub.
Nazir bildirib ki, yaxın perspektivdə 50 MVt gücündə günəş elektrik stansiyasının, eləcə də 51,6 MVt gücündə Tivi və Ordubad su elektrik stansiyalarının istismara verilməsi ilə bu göstəricilərin daha da artacağı gözlənilir:
"Həmçinin bərpa olunan enerji layihələri üçün nəzərdə tutulan torpaq sahələrində əsasən ixrac məqsədilə 3 QVt-dan artıq günəş və külək enerjisi istehsal gücünün yaradılması mümkündür. Bu potensialdan yararlanmaq üçün Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı və şəbəkəyə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə hər iki ölkənin birgə iştirakı ilə tədqiqatlar aparılır. Azərbaycan, elektrik enerjisinin Naxçıvandan birbaşa Türkiyəyə, oradan isə Avropaya ötürülməsi ilə yanaşı, Zəngəzur dəhlizi vasitəsilə Ermənistan üzərindən nəql perspektivinə də malikdir. Bu təşəbbüs yalnız Naxçıvanın elektroenergetika sistemini ölkənin enerji şəbəkəsinə birləşdirmir, eyni zamanda “Azərbaycan (Naxçıvan MR) - Türkiyə - Avropa Enerji Qovşağı” layihəsinin reallaşması baxımından da strateji əhəmiyyət kəsb edir. Layihə çərçivəsində Naxçıvanda 400/330/110/35/10 kV-luqçevirici yarımstansiyanın, 330 kV-luq “Cəbrayıl-Naxçıvan” və 400 kV-luq “Naxçıvan-Türkiyə” elektrik verilişi xətlərinin tikintisi üzrə hazırlıq və mühəndislik işləri həyata keçirilir. Cəbrayıl enerji qovşağını Naxçıvanla birləşdirən infrastruktur sayəsində bu strateji bölgələr nəinki inteqrasiya olunacaq, həm də ölkənin “yaşıl enerji” təchizat siyasətini daha balanslı və dayanıqlı edəcək".