ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ölkə prezidentinin təyyarədən endiyi yeri birbaşa görmək mümkün olan şübhəli ov qülləsinin aşkar edildiyini təsdiqləyib...
Poliqon xəbər verir ki, hadisə Florida ştatındakı Palm-Biç beynəlxalq hava limanında baş verib. Məlumata görə, ABŞ prezidentinin Air Force One təyyarəsi adətən burada eniş edir.
Səlahiyyətlilərin Fox News telekanalına verdiyi məlumata əsasən, ABŞ Gizli Xidmətinin əməkdaşları qülləni 16 oktyabr, cümə axşamı günü aşkar ediblər. Hazırda FTB hadisə ilə bağlı istintaq aparır.
FTB direktoru Keş Patel bildirib ki, qüllə hələlik konkret bir şəxslə əlaqələndirilmir və hadisə yerində heç kim olmayıb. O əlavə edib ki, mütəxəssislər sübutları toplayıb və mobil telefon məlumatlarını təhlil edəcəklər.
Patelin sözlərinə görə, prezident Vest-Palm-Biçə qayıtmamışdan əvvəl Gizli Xidmət təyyarənin eniş zonasını görmək mümkün olan yerdə yüksəldilmiş ov qülləsini xatırladan bir obyekt müəyyən edib. Hadisə yerində heç kim olmayıb. FTB istintaqa rəhbərliyi üzərinə götürüb və bütün sübutların toplanması üçün lazımi resursları cəlb edib.
Gizli Xidmətin kommunikasiya şöbəsinin rəhbəri Entoni Quqlielmi də təsdiqləyib ki, təşkilat FTB və Palm-Biç dairəsinin hüquq-mühafizə orqanları ilə yaxın əməkdaşlıq edir. Onun sözlərinə görə, agentlər qülləni Trampın səfəri öncəsi təhlükəsizlik tədbirlərinin ilkin mərhələsi zamanı aşkarlayıblar:
"Bu, heç bir hərəkətə təsir etmədi və hadisə yerində heç kim olmadı. Baxmayaraq ki, biz obyektin təyinatı barədə ətraflı məlumat verə bilmərik, bu hadisə çoxsəviyyəli təhlükəsizlik tədbirlərimizin əhəmiyyətini bir daha göstərdi".
Hüquq-mühafizə orqanlarındakı mənbə Fox News-a açıqlamasında ehtimal edib ki, qüllə bir neçə ay əvvəl quraşdırılıb. Qeyd olunur ki, bu istintaq, bir neçə həftə əvvəl Rayen Raut adlı şəxsin Palm-Biçdə Trampı qətlə yetirməyə cəhddə günahkar bilinməsindən sonra aparılır. Raut golf meydançasında hasarın kənarındakı kolların arasında snayper mövqeyi quraraq atəş açmağa cəhd etmişdi.
Rauta qarşı beş federal ittiham irəli sürülüb, o cümlədən prezidentliyə namizədlərdən birinə sui-qəsd cəhdi, federal məmura hücum və odlu silahla bağlı cinayətlər.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp seçkiqabağı mitinq zamanı Pensilvaniyanın Batler şəhərində qulağından yaralanmışdı.
Poliqon.info