AZ

Boliviyanın yeni prezidenti Rodriqo Pas olub

Ölkədə 2006-cı ildən bəri ilk dəfə sağ mərkəzçi namizəd hakimiyyətə gəlib...

Poliqon xəbər verir ki, Boliviyada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələrinə əsasən, sağ mərkəzçi mövqeyi ilə tanınan senator Rodriqo Pas qalib gəlib. O, səslərin 54,5 faizini toplayaraq rəqibi, keçmiş prezident Xorxe “Tuto” Kiroqanı (45,5 faiz) geridə qoyub.

Reuters Agentliyi yazır ki, Pasın qələbəsi ölkə üçün “tarixi dönüş nöqtəsi” sayılır, çünki 2006-cı ildən bəri Boliviyaya hakim solçu “Sosializmə Hərəkat” partiyasının nümayəndələri rəhbərlik edirdi. Seçki kampaniyası dövründə Rodriqo Pas sosial proqramların qorunacağını, eyni zamanda özəl biznesin inkişafı üçün yeni təşviqlərin tətbiq ediləcəyini vəd edib. Rəqibi Kiroqa isə dövlət xərclərinə ciddi qənaət siyasətini təklif edirdi. Hər iki namizəd ABŞ-la diplomatik münasibətlərin möhkəmləndirilməsinə tərəfdar olduqlarını bəyan etmişdi.

Qeyd edək ki, seçkilərin birinci turu avqustun 17-də keçirilmişdi və ölkə tarixində ilk dəfə heç bir namizəd 50 faizdən çox səs toplaya bilməmişdi. O zaman Rodriqo Pas 32,8 faiz səslə birinci yeri tutmuş, ikinci yerə 26,4 faiz səs toplayan Xorxe “Tuto” Kiroqa çıxmışdı. Hakim “Sosializmə Hərəkat” partiyasının namizədi Eduardo del Kastilyo isə cəmi 3,2 faiz səs qazanmışdı.

Seçkilərin ikinci turunda Kiroqa seçicilərə Rusiya və Çinlə imzalanmış çoxmilyardlıq litium hasilatı müqavilələrindən imtina edəcəyini vəd etmişdi. Lakin seçicilər iqtisadi sabitliyi və balanslı siyasəti ön plana çıxaran Rodriqo Pasa üstünlük veriblər.

Poliqon.info

Seçilən
95
poliqon.info

1Mənbələr