Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsi, mədəni və ictimai əlaqələrin güclənməsi ilə bağlı fikirlərini Baku.tv-nin efirində bölüşüb.
QHT.az xəbər verir ki, Elməddin Behbud bildirib ki, bu gün türk dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsi təkcə siyasi və iqtisadi deyil, həm də mədəni və tarixi dəyərlərə əsaslanan yumşaq güc alətləri vasitəsilə həyata keçirilir:
“Bizim yumşaq güc alətlərindən — ortaq mədəni, tarixi dəyərlərdən və instrumentlərdən istifadə etməklə inteqrasiyanı o qədər dərinləşdirə bilərik ki, bu prosesin nəticəsində növbəti mərhələdə iqtisadi və hərbi gücümüz daha mütəşəkkil və mükəmməl formada ortaya çıxacaq. Bu missiyanın yerinə yetirilməsində vətəndaş cəmiyyətinin müxtəlif komponentləri, xüsusilə qeyri-hökumət təşkilatları, media və təşəbbüs qruplarının mühüm rolu var. Mən təmsil etdiyim təşkilat — DANİB, Türk Dövlətləri Təşkilatının Gənclər Platformasında təmsil olunur və Gənc Liderlər toplantılarında mütəmadi iştirak edirik. Gördüyümüz kimi, artıq aramızda dil baryeri demək olar ki, yoxdur, təmaslar artdıqca bir-birimizi daha asan anlayırıq.”
QHT sədri qeyd edib ki, türk xalqları arasında mədəni yaxınlaşma və qarşılıqlı anlaşma son illərdə daha da güclənib. Bu prosesdə Türkiyə türkcəsinin ortaq ünsiyyət dili kimi formalaşması xüsusi əhəmiyyət daşıyır:
“2000-ci illərin əvvəllərində bu cür təmaslar məhdud idi, amma bu gün Qazaxıstandan Özbəkistana, Azərbaycandan Türkiyəyə qədər gənclər asanlıqla Türkiyə türkcəsi vasitəsilə ünsiyyət qururlar. Bu, türk dünyasında vahid mədəni və mənəvi məkanın formalaşmasından xəbər verir. Türk dövlətləri arasındakı bu inteqrasiya prosesi yalnız siyasi və iqtisadi deyil, həm də milli kimlik və ideoloji dəyərlərin qorunması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın Araz çayından şimal hissəsinin işğalından ötən iki yüz ildən artıq müddətdə rus və ənənəvi türk düşüncə sistemi arasında daim mübarizə gedib. Milli düşüncədə olan aydınlar, dövlət xadimləri, ictimaiyyət nümayəndələri milli kodların, dövlətçilik ənənəsinin silinməməsi, milli kimlik şüurunun itməməsi və Azərbaycan mərkəzli milli gücün formalaşması uğrunda mübarizə aparıblar.”
DANİB sədri bildirib ki, bu istiqamətdə dövlətin və cəmiyyətin ortaq məqsədi türk dünyasının birliyi və güclənməsi olmalıdır:
“İctimai sahədə ilk addımlarımızdan bu yana müdafiə etdiyimiz milli dəyərlərin bu gün dövlətlərarası siyasi platformada ən yüksək səviyyəyə çatması böyük xoşbəxtlikdir. Qarşımızda isə Turana doğru gedən uzun və qutlu bir yol var.”
Pərvanə Fərhadqızı
QHT.az