BAKI, 20 oktyabr. TELEQRAF
Fransanın paytaxtı Parisdə yerləşən məşhur Luvr muzeyinin soyulması ilə bağlı istintaq iki əsas versiya üzərində cəmlənib.
Teleqraf xəbər verir ki, bu barədə Paris prokuroru Lor Bekko “Le Figaro” qəzetinə açıqlama verib.
Onun sözlərinə görə, hadisənin arxasında təşkilatlanmış cinayətkar qrup dayanır və məqsəd ya sifarişli oğurluq, ya da oğurlanmış zinət əşyalarının pul yuyulması üçün istifadəsi ola bilər.
Prokuror əlavə edib ki, xarici iz versiyası araşdırılsa da, bu, hazırda prioritet deyil.
Hadisə 19 oktyabr səhəri baş verib. Maska taxmış şəxslər muzeyin Apollon qalereyasına daxil olaraq doqquz zinət əşyasını oğurlayıblar. Qısa müddət sonra imperatriça Yevgeniyanın Napoleon III-ün həyat yoldaşının tacı küçədə sınmış halda tapılıb. Cinayətkarların axtarışı davam edir.