Meta istifadəçi məxfiliyini gücləndirmək məqsədilə yeni addım atıb. Dünyada milyardlarla insanın istifadə etdiyi məşhur mesajlaşma tətbiqi VotsApp şirkətlərdən və tanımadığınız şəxslərdən gələn spam mesajlara qarşı yeni qoruma sistemi gətirir.
Yeni yeniləmə nə gətirir?
TechCrunch nəşrinin məlumatına görə, Meta istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə şirkətlərin və fərdi şəxslərin cavab almadan göndərə biləcəyi mesaj sayına məhdudiyyət qoyacaq. Yəni bir şəxs və ya şirkət sizə ardıcıl mesajlar göndərib sizdən cavab almazsa, müəyyən bir mərhələdən sonra artıq mesaj göndərə bilməyəcək.
Məqsəd şəxsi məlumatların qorunmasıdı
Bu sistem vasitəsilə istifadəçilərin şəxsi məlumatlarının qorunması və narahatedici mesajların azaldılması hədəflənir. Meta xüsusilə şirkətlərin tanımadıqları istifadəçilərə kütləvi mesajlar göndərməsinin qarşısını almaq istəyir.
Yeni məhdudiyyət əvvəlcə bəzi ölkələrdə sınaqdan keçiriləcək
Hesabata görə, yeni limitlər yaxın həftələrdə bir neçə ölkədə test ediləcək. Meta bildirir ki, istifadəçilərin böyük əksəriyyəti bu dəyişiklikdən təsirlənməyəcək — məhdudiyyət yalnız gündə bir neçə dəfə spam mesaj göndərən hesabları əhatə edəcək.
İstifadəçilər nə düşünür?
Yeni funksiya əksər istifadəçilər tərəfindən müsbət qarşılanıb. Xüsusilə şirkət mesajlarından bezən istifadəçilər “nəhayət, sakitlik gəlir” şərhləri yazıblar.
Meta-nın açıqlaması:
“İstifadəçilərimizin təhlükəsizliyi və məxfiliyi bizim prioritetimizdir. Spam və arzuolunmaz mesajlara qarşı qoruma sistemlərimizi gücləndirməyə davam edəcəyik".
Bu addımla VotsApp həm fərdi istifadəçilər, həm də şirkətlər üçün daha təhlükəsiz ünsiyyət mühiti yaratmağı hədəfləyir.