AZ

Çətin bir danışıq necə aparılır?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İş yoldaşlarınızla, qonşularınızla, dostlarınızla və ya sevdiklərinizlə bəzən aparmalı olduğunuz çətin danışıqlardan qaçırsınızmı?

Əslində bir çoxumuz bunu edirik, çünki bu cür danışıqların qarşıdurmaya səbəb ola biləcəyini və ya özümüzü qəribə, kövrək hiss edəcəyimizi, ya da stress yaşayacağımızı bilirik.

Klinik psixoloq Kimberley Wilson bunun demək olar ki, ümumbəşəri bir insan təcrübəsi olduğunu deyir: "Həyatda istədiyiniz hər şey əslində çətin bir danışığın digər tərəfindədir və biz çox vaxt düşünürük ki, bunu görməzlikdən gəlsək, öz-özünə aradan qalxar. Amma qalxmır."

Wilson-a görə, daha sağlam münasibətlər qurmaq istəyirsinizsə, bunu təkbaşına edə bilməzsiniz. Və həyatınızda mənası olan və uzun müddət qalacaq biri ilə davam edən bir münasibətiniz varsa, o çətin danışığı həqiqətən aparmağı düşünməyə dəyər.

Həmçinin Kimberley Wilson bu çətin danışıqları gündəmə gətirdiyimizdə bunun faydalı nəticələrini görəcəyimizi deyir və əlavə edir: "Çox vaxt baş verən odur ki, digər insan bizim o böyük və görməzlikdən gəlinən problemi dilə gətirməyimizdən dolayı rahatlaşır".

Kimberley "Wilson, What's Up Docs?" adlı podkast seriyasında, Chris ve Xand van Tulleken-ə çətin danışıqların nəyə görə aparmağın vacib olduğunu və onlara necə hazırlaşmalı olduğunuzu izah edib.

Budur Kimberley Wilson-un çətin danışıq aparmaq üçün 10 maddəlik planı:

1. Danışığı aparmamağın nəticəsini düşünün

Başlamazdan əvvəl, bu danışığın sizin üçün nəyə görə vacib olduğunu düşünmək üçün bir az vaxt ayırın.

Bu danışıqdan qaçmağın rifah halınıza necə mənfi təsir etdiyini sadalayın. Susmaq dəyərlərinizi, mənlik duyğunuzu və nəhayət, psixi sağlamlığınızı zədələyəcəkmi?

2. Faydalarını nəzərdən keçirin

Bu danışığı aparmağın sizə verəcəyi bütün faydaları sadalayın və bunları gözünüzdə canlandırın.

Söhbət yalnız qarşı tərəfi dəyişməyə çalışmaqdan getmir; bu danışığın sizə uzun müddətdə nələr qazandıra biləcəyi ilə bağlıdır: daha çox özünəinam, daha yüksək özünə hörmət, möhkəmlənmiş dözümlülük.

3. Davam etdirməyə dəyib-dəymədiyinə qərar verin

İndi isə edəcəyiniz danışığın müsbət və mənfi tərəflərini götür-qoy edin və faydaların qorxularınıza ağır basıb-basmadığına qərar verin.

Bu münasibət sizin üçün nə qədər vacibdir?

Kimberley Wilson-a görə, "danışmağa dəyməz" qərarı verdinizsə, bu mərhələdə tamamilə imtina edə bilərsiniz.

4. Güvəndiyiniz birindən dəstək alın

Güvəndiyiniz bir adama bu danışığı aparacağınızı söyləyin. O sizə tərəfsizlik və dəstək göstərə bilər.

Nə demək istədiyinizi məşq edin güvəndiyiniz adamdan rəy alın.

Ancaq bu danışığı aparmağın təhlükəsiz olub-olmadığını da nəzərə alın.

Fiziki və ya emosional zorakılığın söz mövzusu olduğu hallarda, bu cür danışığı aparmamaq daha təhlükəsiz ola bilər. Belə bir halda əvvəlcə peşəkar yardım alın.

5. Danışığa başlayın

Budur ən çətin addım! Heç kim "Səninlə danışmalıyam" kimi məzmunsuz bir cümlə ilə üzləşmək istəmir. Bu, qarşı tərəfdə gərginlik yarada bilər və reaksiya verməməsinə səbəb ola bilər.

Bunun əvəzinə "Bizim bir münasibətimiz var və bunu daha yaxşı hala gətirmək istəyirəm. Sən nə deyirsən?" kimi bir sualla yanaşa bilərsiniz.

Bəzi insanlar danışığa hazır və ya istəkli olmaya bilər, bu səbəbdən "yox" cavabına da hazır olun. Əgər qarşı tərəf danışmaq istəməzsə, enerjinizi bu şəxsəmi, yoxsa daha dürüst münasibətlər qura biləcəyiniz başqalarına yönəldəcəyinizə o zaman qərar verərsiniz.

Və unutmayın, danışıq dəvətiniz rədd edilsə belə, bu addımı atmağın verdiyi cəsarət duyğusu sizin qazancınızdır.

6. Hazırlıq görün

Emosional yüklənmiş vəziyyətdə olduğumuz zaman beynimizin impulslara nəzarət, planlaşdırma və məntiqi düşünmə funksiyaları qapana bilər.

Ona görə də danışmağa hazır olmaq vacibdir.

Demək istədiyinizi qeydə ala və ya məktub yaza bilərsiniz. Söhbət əsnasında özünüzü stresli, narahat və ya əsəbi hiss edirsinizsə, bu qeydlərə yenidən müraciət edib diqqətinizi cəmləyə bilərsiniz.

7. Üz-üzə danışın

Mümkünsə, neytral bir mühitdə və üz-üzə görüşün, çünki bədən dili və mimikalar ünsiyyətdə çox önəmlidir. İnsanın mimikaları ilə ifadə etdiyi bir çox incəlik və empatiya, e-poçt və ya mesajda çatdırıla bilməz.

Danışıq sonrası hazırlıq mərhələsində yazdığınız məktubu və ya qeydləri qarşı tərəfə verə bilərsiniz. Bu, dediklərinizi xatırlamasına kömək edə bilər.

8. Qarşı tərəfə düşünmək və reaksiya vermək üçün vaxt verin

Qarşı tərəf sizin belə hiss etdiyinizi bilməyə bilər və ya özünü toparlamaqda çətinlik çəkə bilər.

Siz cavab və ya izah gözləsəniz də, onların da prosesi yaşamasına imkan vermək daha ədalətli olar. Onların baxış bucağını dinləyərkən də istək və maraq göstərin.

9. Özünüzə toparlanma vaxtı verin

Duyğular adama təsir edir və bu danışıq olduqca gərgin keçə bilər.

Ona görə də danışıqdan sonra nəsə planlaşdırmayın. Gününüzü boş tutun və təbiətdə gəzinti, gündəlik yazmaq və ya sadəcə yatmaq kimi sizi rahatladacaq, stress səviyyənizi azaldacaq fəaliyyətlərə vaxt ayırın.

10. Danışığa geri qayıdın

Bütün problemlərin tək bir danışıqla həll olunmasını gözləməyin. Qarşı tərəf də bir çox fərqli duyğu hiss edəcək və bu danışığı həzm etməyə ehtiyac duyacaq.

Bəlkə bir həftə sonra "Bir daha danışsaq olar?" kimi bir mesaj göndərə bilərsiniz.

Nəticə etibarilə, önəmsədiyiniz biri ilə aranızdakı problemləri həll etməyə çalışırsınızsa, danışıq nə qədər çətin olsa da, bu, dəyərlidir və aranızdakı münasibətə mütləq fayda verəcək.

Kimberley Wilson-un dediyi kimi: "Əgər vacibdirsə, ona vaxt ayırmağa dəyər".

Seçilən
121
50
bbc.com

10Mənbələr