AZ

Fins.az 12 yaşında: Azərbaycanın iqtisadi informasiya məkanında 12 illik etibarlı yol

Bu gün, 18 oktyabr 2025-ci il, Fins.az xəbər portalı üçün xüsusi əlamətdar gündür. Düz 12 il əvvəl – 2013-cü il oktyabrın 18-də fəaliyyətə başlayan Fins.az bu illər ərzində Azərbaycan mediasında iqtisadi, maliyyə və biznes xəbərlərinin etibarlı ünvanına çevrilib.

Rəsmi tanınma və etibarlılıq

Fins.az 12 illik fəaliyyəti ərzində həm oxucular, həm də iqtisadi qurumlar arasında etibarlı media platforması kimi formalaşıb. Bu etibarlılığı rəsmi olaraq da təsdiqlənib: 25 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Media İnkişaf Agentliyi Fins.az-a Azərbaycan Respublikasının Media Reyestri Şəhadətnaməsini təqdim edib. Bu, portalın dövlət tərəfindən tanınan media subyekti kimi fəaliyyət göstərdiyini sübut edir.

Fins.az – 12 il etibarlı iqtisadi informasiya mənbəyi

Portal ilk olaraq ölkənin ixtisaslaşdırılmış sığorta xəbərləri portalı kimi fəaliyyətə başlayıb. Zamanla Fins.az banklar, bank olmayan kredit təşkilatları, lizinq şirkətləri, qiymətli kağızlar bazarı və digər maliyyə qurumları ilə bağlı xəbərləri işıqlandırmağa başlayıb.

Biznesin nəbzini tut!” devizi ilə fəaliyyətini davam etdirən Fins.az artıq iqtisadiyyatın bütün sahələrini — maliyyə, sənaye, kənd təsərrüfatı, turizm, avtomobil, əmlak, nəqliyyat, İKT və digər sahələri əhatə edən xəbər platformasına çevrilib.

Fins.az fəaliyyətində dövlət qurumları, banklar, iri şirkətlər və sahibkarlıq subyektləri ilə əməkdaşlıq edərək Azərbaycan iqtisadiyyatının inkişafını izləmə və cəmiyyətə doğru informasiya çatdırma missiyasını uğurla həyata keçirir.

Portal həmçinin ictimai rəyin formalaşmasına, iqtisadi və siyasi maarifləndirməyə dəstək verir, oxuculara yerli və qlobal iqtisadi proseslər, sosial hadisələr və siyasi inkişaflar barədə dəqiq və obyektiv məlumat təqdim edir.

Fins.az və Müstəqilliyin Bərpası Günü

Təsadüfi deyil ki, Fins.az-ın yaranma tarixi – 18 oktyabr, Azərbaycan dövlətçiliyi üçün də xüsusi məna daşıyır. Bu gün həm də Azərbaycan Respublikasının Müstəqilliyin Bərpası Günüdür.

1991-ci ilin oktyabrın 8-də Ali Sovetin növbədənkənar sessiyası işə başlayıb və oktyabrın 18-də tarixi qərar – “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Bu sənədlə Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunub.

1991-ci il dekabrın 29-da keçirilən referendumda vətəndaşların 95 faizi müstəqilliyin bərpasına səs verib. Ardınca Dövlət himni, üçrəngli bayraq və səkkizguşəli ulduzlu gerb təsdiqlənib. 1992-ci ildən 18 oktyabr Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur və 2021-ci ildə qəbul edilən qanuna əsasən iş günü olaraq saxlanılıb.

Fins.az kollektivi: Müstəqilliyə sadiqlik və informasiya missiyası

Fins.az üçün 18 oktyabr həm yaradılma tarixi, həm də dövlətçilik və müstəqillik dəyərlərinə sadiqliyin rəmzidir. Portal 12 illik fəaliyyəti ərzində Azərbaycan dövlətinin iqtisadi siyasətini, sahibkarlığın inkişafını və milli iqtisadi potensialı işıqlandırmaqla bu dəyərlərin qorunmasına informasiya dəstəyi göstərib.

Kollektiv olaraq Fins.az qarşıdakı illərdə də dövlətimizin ali prinsiplərinə sadiq qalmaq, iqtisadi inkişafı əks etdirən xəbərləri dəqiq, obyektiv və operativ şəkildə cəmiyyətə çatdırmaq məqsədini əsas fəaliyyət xətti kimi qoruyacaq.

Fins.az kollektivi bütün xalqımızı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, dövlətimizə davamlı inkişaf, xalqımıza rifah və firavanlıq arzulayır.

18 oktyabr – Fins.az-ın 12 yaşı və Azərbaycanın Müstəqilliyin Bərpası Günü mübarək!

Seçilən
14
fins.az

1Mənbələr