AZ

Milli Şəhərsalma Forumunun ikinci günü Xankəndidə davam edib

Xankəndi şəhərində keçirilən 3-cü Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) bu gün öz işini panel iclaslarla davam etdirib.

APA xəbər verir ki, forumun ikinci günü şəhər və kənd əlaqələrindən tutmuş mənzil siyasətinə, innovativ şəhər həllərindən inklüzivliyə qədər müasir şəhərsalmanın ən aktual məsələlərinə dair müzakirələr aparılıb.

Günün ilk panel iclası “Sosial-iqtisadi artım, ərazi bərabərliyi və ekoloji davamlılıq üçün şəhər-kənd əlaqələri” mövzusunda keçirilib. Müzakirələrdə milli şəhərsalma siyasətlərinin ərazilərin bərabər inkişafındakı rolu, dağlıq ərazilərdə dayanıqlı və əlçatan icmaların planlaşdırılması kimi məsələlərə toxunulub.

Daha sonra Forum işini “Ədalətli şəhər gələcəyinin mərkəzində mənzil əlçatanlığı” adlı panellə davam etdirib. Bu iclasda əhalinin keyfiyyətli mənzillə təminatı üçün innovativ maliyyələşdirmə modelləri, dövlət-özəl tərəfdaşlığı, eləcə də ərazi bərabərsizliyini azaldan səmərəli torpaq və mənzil siyasətləri ətrafında fikir mübadiləsi aparılıb.

Günün digər mühüm müzakirələri “Mobillik, data və məkan planlaşdırmasının qarşılıqlı əlaqəsi: İnnovativ şəhər həlləri” mövzusuna həsr olunub. Bu sessiyada dayanıqlı mobilliyin və şəhər planlaşdırılmasının milli səviyyədə uzlaşdırılması, tranzit yönümlü inkişaf və yeni məlumat mənbələrinin şəhər planlaşdırılmasında yaratdığı inqilabi dəyişikliklər diqqət mərkəzində olub.

Forum iştirakçıları həmçinin “Dizayn vasitəsilə daha sağlam şəhərlər: Şəhər məkanlarının insanların rifahı üçün yenidən qurulması” və “Hamı üçün şəhər əlçatanlığının və inklüzivliyin təmin edilməsi” mövzularında keçirilən panellərdə də fəal iştirak ediblər. Bu sessiyalarda şəhər təhlükəsizliyinin rifah üçün ilkin şərt olması, universitetlərin regional ekosistemin inkişafındakı potensial rolu, sürətli şəhər genişlənməsi zamanı sosial inklüzivliyin qorunması və şəhərlərdə qadınların, gənclərin və uşaqların ehtiyaclarının nəzərə alınması kimi vacib məsələlər müzakirə olunub.

Oktyabrın 17-də paytaxtda keçiriləcək yekun panel iclasları ilə Forum öz işini davam etdirəcək. Növbəti panel sessiyalarını Forumun YouTube kanalı vasitəsilə də canlı izləmək mümkündür.

Seçilən
94
3
apa.az

4Mənbələr