AZ

Mehdiyevin həbsi barədə mifik şayiələr gəzir - olayla Putinin nə əlaqəsi?...


Azər Həsrət: “Belə fikirlərin heç bir ciddi əsası yoxdur”

Məlum olduğu kimi, 24 il Azərbaycanda Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub. Səbail rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq ev dustaqlığı-qətimkan tədbiri seçib.

R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələrilə ittiham verilib.

Bu arada, cəmiyyətdə R.Mehdiyevin həbsi ilə bağlı müxtəlif şayiələr yayılır. Şayiələrdən biri ondan ibarətdir ki, guya Prezident İlham Əliyev Rusiya prezidenti Putinlə görüşündə bu məsələni müzakirə edib. İlham Əliyev söhbətin gedişində belə qənaətə gəlib ki, Putin bu məsələyə laqeyddir və ona görə də Ramizi artıq həbs etmək olar. Nə dərəcədə doğrudur bu yanaşma? Belə şayiələrin hansısa əsası varmı?

“Belələri Azərbaycan dövlətini aşağılamaq məqsədi güdür”

Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə fikirlərin heç bir ciddi əsası yoxdur: “Azərbaycanda hansısa bir addım atılırsa, bunun Putinlə, Rusiya ilə hər hansı əlaqəsi ola bilməz. Dövlətin hüquq-mühafizə orqanları var. Təbiidir ki, gecə-gündüz nəzarət edirlər, müvafiq araşdırmalar aparırlar. Yəni durub-durduğu yerdə heç kəsi həbs etmirlər, kiməsə qarşı ittiham irəli sürmürlər. Hələ-hələ bu məsələlərdə hansısa xarici dövlətin, o cümlədən Rusiyanın mövqeyini heç kim nəzərə almır. Azərbaycan müstəqil, suveren bir dövlətdir. İstənilən şəxslə bağlı hansısa bir addım atanda bunu öz iradəsi ilə edir. Məsələnin Putinə, Rusiyaya nə aidiyyəti var? Hə, Ramiz Mehdiyevin Rusiyaya işləyə bilməsi ehtimalı var? Var və bu haqda danışmaq olar. Ancaq onun yenə də həbs edilməsi üçün Putindən icazə, onun razılığını almaq, hansısa formada loyallığını təmin etmək deyə bir şey yoxdur, ola da bilməz. Azərbaycan müstəqil dövlətdir. Özü öz daxilində, xaricində öz siyasətini müəyyən edir. Hər hansı dövlət, hər hansı dövlətin rəhbəri, dünya lideri bu məsələlərdə bizim işimizə qarışa bilməz. Azərbaycan dövləti də, onun prezidenti də heç vaxt buna imkan verməz ki, kimsə kənardan belə məsələlərdə bizim işlərimizə qarışsın. Ona görə də bunu Rusiya ilə hansısa razılaşma ilə əlaqələndirmək doğru deyil. Belələri Azərbaycan dövlətini aşağılamaq məqsədi güdür. Bu da Rusiyanın “5-ci kolonu”nun işidir. Rusiya belə fürsətlərdən həmişə istifadə edib. Görünür, bu dəfə də istifadə edir. Özünün burada hakimi-mütləq, söz sahibi olmasını göstərmək üçün belə informasiyaları ortaya atırlar. Yəni Azərbaycan dövlətinin əlində kifayət qədər tutarlı dəlil olmasa, heç kəsə ittiham irəli sürməz. O cümlədən də Ramiz Mehdiyev kimi uzun illər dövlətin ən yüksək zirvəsində vəzifə başında olan adama qarşı”.

Vidadi ORDAHALLI

Seçilən
50
baki-xeber.com

1Mənbələr