Çoxmillətli dövlət olan Azərbaycan dünyaya bir nümunədir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. “Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma vətəninin inkişafına töhfələrini verirlər. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir.
Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə, əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır”.
Bu fikirləri Prezident İlham Əliyev bir çox çıxışlarında vurğulayıb. Burda yaşayan bütün xalqlar, bütün dinlərin və mədəniyyətlərin daşıyıcıları öz dillərini, mədəniyyətlərini, milli adət və ənənələrini qoruyub saxlayırlar.
Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər hüquqlarının təsbit olunur. Bu da ölkəmizdəki tolerantlığın real mənzərəsini əks etdirir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir.
Azərbaycanın tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkan kimi beynəlxalq aləmin də diqqətindədir. Onlar da bilirlər ki, Azərbaycan xalqı uzun əsrlər boyu özünün milli, dini-mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Ekspertlərin dediyi kimi, nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb.
Ulu öndər Heydər Əliyev deyirdi: “Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır”.
Ekspertlər bildirir ki, Azərbaycandakı tolerant mühit, sosial sabitlik beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir, ölkəmizdəki stabil çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq mühiti, dövlət-din münasibətlərinin qurulması bir çox xarici ekspertlər, dövlət rəsmiləri tərəfindən nümunəvi model kimi qiymətləndirilir.
Ölkəmizdə milli, dini məsələdə heç bir problem, fikir ayrılığı, hər hansı bir ayrı-seçkilik yoxdur. İbadət yerlərinə getmək, dini ayinlər, bayramlar keçirmək üçün hər cür şərait mövcuddur. Azərbaycanda bütün dinlərə qarşı eyni hörmət və qayğını göstərilir.
Bu gün dünyanın müxtəlif ölkələrində, o cümlədən də Avropa dövlətlərində milli-dini zəmində problemlərin olduğunu hər kəs görür. İslambobiya xəstəliyi həmin ölkələri bürüyüb. Dini və milli dözümlülük çoxz aşağı səviyyədədir. Başqa ölkələrə dini, milli məsələlərdə, insan haqları mövzusunda dərs keçənlərin özündə bu sahədə ciddi problemlər mövcuddur.
Amma Azərbaycandakı milli və dini mühitin sağlamlığı, müxtəlif xalqların və dinlərin nümayəndələrinin qardaşlıq şəraitində yaşaması dünyanın özünə bir nümunədir. Azərbaycan dünyada az saylı ölkələrdəndir ki, burda millətlərarası münasibətləribn yüksək səviyyədə olması həm regionumuz, həm də beynəlxalq aləm üçün bir örnəkdir.
Azərbaycanda millətlərin qardaşlıq nümunəsini, bu əzəməti, bu örnəyi həm Birinci Qarabağ Müharibəsi, həm də Vətən müharibəsi dövründə təkcə biz yox, bütün dünya gördü.
44 günlük Vətən Müharibəsində qəlbi Azərbaycan sevgisi ilə döyünən hər bir vətəndaşımız qələbəyə öz töhfəsini verdi. Heç bir millət fərqi olmadan hər bir xalqın nümayəndəsi Azərbaycan oğlu kimi əlində silah düşmənə qarşı savaşda igidliklə döyüşdü, torpaqlarımızın işğaldan azad olunmasında iştirak edib böyük Zəfərimizə öz töhfələrini verdilər.
O da sirr deyil ki, respublikamızda yaşayan hər bir vətəndaş Prezidentin dini sahədəki uğurlu siyasətini, gördüyü işləri dəstəkləyir, təqdir edir, yüksək qiymətləndirir.
İsrail Təhlükəsizlik Akademiyasının yaydığı bəyanata diqqət verək: “Azərbaycan dünyanın ən nümunəvi tolerant və multikultural ölkəsidir. Azərbaycanda bütün millətlər və dinlər bir-birinə qardaşdır. Burada hər kəs bir-birinə doğmadır. Dünyada Azərbaycan kimi ikinci belə ölkə yoxdur”.
Burda Azərbaycanda yaşayan bütün millətlər və etnik xalqlar arasında əbədi qardaşlığın bərqərar olduğu‚ ölkə ərazisindəki bütün səmavi dinlər, müsəlmanlar və qeyri-müsəlmanlar azad və müstəqil, rahat yaşadıqları vurğulanır.
Azərbaycanın nümunəvi tolerant dövlət adlandırılması tamamilə reallığı əks etdirir.
Ölkəmizdə milli və dini azlıqların müdafiəsinə həmişə xüsusi diqqət göstərlib. Təsadüfi deyil ki, Azərbaycan dövləti milli azlıqlarla bağlı beynəlxalq konvensiyalara qoşulub, milli azlıqların sıx yaşadıqları bölgələrdə sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və digər sahələrdə müxtəlif layihələr həyata keçirilir. Onların hüquqlarının müdafiəsinə yönəldilmiş belə layihələrin bir çoxu Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarla icra olunur. Ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla inkişaf etdirilən multikulturalizmlə bağlı böyük təcrübə əldə edilib, bu gün ölkəmizin multikulturalizm təcrübəsi dünyanın bir sıra dövlətlərinin diqqətini cəlb edir və öyrənilir. Bu təcrübənin əhəmiyyətindən danışan Prezident İlham Əliyev çıxışlarından birində vurğulayıb: "Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır".
Azərbaycan sülhün, əminamanlığın, qardaşlığın, dostluğun, nümunəvi birgəyaşayışın ən parlaq modelinə sahib olan dövlətdir...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.