Məlum olduğu kimi, Azərbaycanda "Rusiyanın adamı" kimi tanınan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail rayon məhkəməsi tərəfindən 4 ay müddətinə ev dustaqlığı qətiimkan tədbiri seçilib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini general-polkovnik Nəcməddin Sadıqov da "Rusiyanın adamı" kimi tanınmaqdadır. Onun adı həmişə orduda müxtəlif cinayət işlərində keçib. Xüsusilə "Tərtər işi" kimi tanınan hadisələrin arxasında onun olduğu iddia olunub.
Bəs Ramiz Mehdiyevdən sonra sıra Nəcməddin Sadıqova da çatacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Orucov bildirdi ki, Ramiz Mehdiyev barəsində qaldırılan cinayət işi və məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi cəmiyyətdə həm ajiotaj doğurdu, həm də bir sıra suallara aydınlıq gətirilməsini tələb etdi:
"Bu, həm də ondan qaynaqlanırdı ki, cəmiyyətdə müəyyən fikirlər səsləndirilmişdi, lakin həmin fikirlərin araşdırılması istiqamətində hər hansı tədbir görülməmişdi. Mən hesab edirəm ki, artıq zamanıdır, heç kəs məsuliyyətdən kənarda qala bilməyəcək. Görünür, zamanın belə əlverişli fürsət yaratması üçün gözləmək lazım idi, vaxt tələb olunurdu. Ona görə də tədricən digər məsələlər də aydınlığa çıxarılacaq. O cümlədən, Nəcməddin Sadıqov barədə də dəfələrlə danışılıb, bildirilib. Hətta xatırlayırsınızsa, "Tərtər işi" ilə bağlı keçirilən məhkəmə dinləmələrində və araşdırmalarda onun adı hallandırılıb, iştirak edib. Lakin təəssüflər olsun ki, bütün deyilənlərə aydınlıq gətirilməyib və məhkəməyə də gəlməyib.
Düşünürəm ki, qanun qanundur. Qanunun gücü vəzifəsindən, bağlılığından asılı olmayaraq özünü gec-tez göstərəcək ki, necə ki, bunu Ramiz Mehdiyevin timsalında gördük. Onu da etiraf etmək lazımdır ki, Ramiz Mehdiyev hakimiyyətdə təmsil olunan ən güclü fiqurlardan biri olmuşdur. Əgər o, qanun qarşısında məsuliyyətə cəlb olunursa və cavab verməli olursa, deməli, digərlərinin də eyni aqibəti yaşaması qaçılmazdır. Təkcə keçmiş Baş Qərargah rəisi deyil, mən düşünürəm ki, bəziləri də bu hesabı verməlidirlər və törətdikləri qanunsuzluqların cəzasını almalıdırlar. Alacağına da mənim heç bir şübhəm yoxdur, çünki Azərbaycanın qüdrəti, gücü və qanunların aliliyi bu ümidimizi daha da artırır".
Nuriyyə NATİQQIZI