AZ

Ramiz Mehdiyev kimləri şantaj edirdi? - Akademik xəyanətə belə başlamışdı

BAKI, 16 oktyabr. TELEQRAF

Ramiz Mehdiyev 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından sonra qocaman akademikin ömrünün son illərini nəvələrinə həsr etməsi gözlənilsə də, o, vəzifə sevdasından yenə də əl çəkmədi. 19 il dövlətin ən mühüm vəzifələrinin birində çalışmış “boz kardinal” mövcud reallıqla barışmayaraq, elə həmin il AMEA-nın prezidenti olmağı bacardı.

Mehdiyevdən gözlənilən o idi ki, AMEA-nın fəaliyyətində tərəqqiyə nail olacaq, amma o, yenə də xislətindən əl çəkməyərək nöqsanlara yol verdi. Elə bunun nəticəsidir ki, Ramiz Mehdiyevin AMEA-nın prezidenti olduğu dönəmlə bağlı da bir müddət əvvəl araşdırmalar aparılıb, qanunsuzluqlar aşkarlanıb və cinayət işi başlanıb.

Hər dəfə qanunun aliliyindən danışan Ramiz Mehdiyev zamanla özü özünü ifşa etməyə başladı. Bu ifşanın başlanğıcını 2020-ci ilin avqustuna, Ramiz Mehdiyevin qız nəvəsi Fidan Əliyevanın Novxanıdakı bağ evində toy məclisinin keçirilməsinə bağlasaq, yəqin ki, yanılmarıq.

Koronavirus pandemiyasının tüğyan etdiyi, ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağan olunduğu bir vaxtda Ramiz Mehdiyevin qanunun aliliyini heçə sayaraq, nəvəsinə toy etməsi təbii ki, bağışlanılmadı, hüquq-mühafizə orqanları tərəfindən addımlar atıldı, öz kürəkəni İlham Əliyev başda olmaqla məsuliyyətə cəlb edilənlər oldu.

İfşa olunan akademik üzr istəmək əvəzinə, şantaj yolunu seçdi. Onun həmin məsələ açıqlamasına diqqət yetirək:

“Qeyd edim ki, həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil etmişlər. Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldilmişdir. Bu da bir həqiqətdir ki, pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmamışdır. Bu ikili standartın səbəbi həqiqətən də müəmmalıdır. İnanmaq istəyirəm ki, müqəssirlərin hamısını qolları qandallı şəkildə məhkəmə önünə çıxarıb, onlara qanunun aliliyi haqqında dəyərli tövsiyələr verəcəklər. Belə olan təqdirdə sadə vətəndaşların ölkədə hüququn gücünə dair sual və şübhələri tamamilə aradan qalxmış olacaq”.

Bu gün dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev həmin açıqlaması ilə dövlətin gücünə də ləkə yaxmağa çalışırdı:

“Tarixi təcrübə sübut edib ki, hər bir dövlətin tərəqqisi, gücü və gələcəyi vətəndaşların qanun qarşısında bərabərliyindən keçir. Əgər hər hansı cəmiyyətdə bir qrup insanlar öz vəzifələri, maddi imkanları səbəbindən xüsusi imtiyaz sahiblərinə çevrilib, qanunları yan keçə bilirsə, orada heç bir ədalətdən, doğruluqdan, insanlıqdan danışmaq mümkün deyil”.

87 yaşında dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə ittiham olunan Ramiz Mehdiyev onu tənqid edənləri də şantaj etməkdən çəkinmirdi:

“Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək. Həmçinin bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!”

Maraqlıdır, indiyədək bir çox millət vəkillərinin, icra başçılarının, eləcə də mühüm vəzifə daşıyanların Ramiz Mehdiyevin kadrları olmasına dair iddialar var. Görəsən, vaxtilə onlara “pambıqla baş kəs!” kimi “tövsiyələr” verən Ramiz Mehdiyev, vəzifədən çıxarıldıqdan sonra hansı haqla şəffaflıq uğrunda mübarizədən danışırdı?

Rusiyanın Azərbaycandakı “5-ci kolonu”nun rəhbəri olmaqda adı hallanan Ramiz Mehdiyev bu məsələyə reaksiyasında da şantajdan yan keçməmişdi:

“Belə çirkin oyunların alətinə çevrilənlər nəzərə alsınlar ki, onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər. Belə məsuliyyətsiz və təhlükəli oyunlardan çəkinmək lazımdır. Hər kəs verdiyi bəyanatın məna tutumu, onun yaradacağı effekt və doğuracağı təhlükəli problemlər haqqında düşünməlidir. Xüsusilə də Azərbaycanın yerləşdiyi bölgənin geosiyasi həssaslığını nəzərə alsaq, ölkəmizdə verilən bütün siyasi bəyanatlar yüz ölçülüb bir biçilməlidir”.

Yəni, Ramiz Mehdiyevin açıqlamasından bu anlaşılırdı ki, Rusiyanın adını çəkməklə odla oynayırsınız. Bu açıqlama ilə Azərbaycanın müstəqilliyinə kölgə salmağa çalışan “boz kardinal”ın bəlkə də yaşına görə unutduğu bir şey var idi: Azərbaycanın daxili məsələlərinə heç kim müdaxilə edə bilməz!

Seçilən
7
1
teleqraf.com

2Mənbələr