İngiltərənin keçmiş baş naziri Marqaret Tetçerin şəxsi həyatı ilə bağlı yeni iddialar irəli sürülüb. Vətəninfo.az xəbər verir ki, yazıçı Tina Qodoinin “The Incidental Feminist” adlı yeni bioqrafiyasında bildirilir ki, “Dəmir Ledi”nin həyat yoldaşı Dennis Tetçerlə evliliyi dövründə iki fərqli münasibəti olub.
Məlumata görə, Qodoin iddia edir ki, Marqaret Tetçer ilk dəfə parlament karyerasının başlanğıcında, daha sonra isə 1979–1981-ci illərdə başqa bir siyasətçi ilə əlaqədə olub. İkinci şəxsin Şimali İrlandiya üzrə Dövlət Katibi, Spelthorne dairəsinin deputatı və sonradan lord Kolnbruk adını almış Ser Hamfri Atkins olduğu bildirilir. Atkins 1969-cu ildə həyat yoldaşı Marqaret Spenser-Nairn ilə evli idi və altı övladı var idi.
Keçmiş mühafizəkar nazir və yazıçı Conatan Eyken də həmin dövrdə Tetçer ilə Atkins arasında münasibət şayiələrinin mövcud olduğunu təsdiqləyib. Eyken qeyd edib ki, Atkinsin zahiri görünüşü “Dəmir Ledi”ni cəlb edə bilərdi, lakin onun siyasi bacarıqları kifayət qədər yüksək hesab edilmirdi.
Qodoinin kitabında həmçinin Tetçerin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri lord Bell ilə “işdənkənar yaxın münasibətləri” də təsvir olunur. Müəllifin yazdığına görə, Tetçer bəzi görüşlərdə və nahar məclislərində Bellə xüsusi diqqət göstərirmiş. Lakin Tetçerin rəsmi bioqrafı lord Mur bu məlumatları təsdiqləməyib və “çox inandırıcı görünmədiyini” bildirib.
Kitabda həmçinin Marqaret Tetçerin həyat yoldaşı Dennis Tetçerin adı da 1960-cı illərin məşhur Profumo qalmaqalı ilə bağlı çəkilir. İddialara görə, Dennis həmin dövrdə model və şou-biznes nümayəndəsi Mendi Ris-Devis ilə yaxın dostluq edib və ona “Əziz Mendi” müraciəti ilə məktublar yazıb.
Yeni bioqrafiya Marqaret Tetçerin anadan olmasının 100 illiyi ərəfəsində nəşr olunub və “Dəmir Ledi”nin ictimaiyyətə az məlum olan şəxsi həyatına işıq salır.