Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində başlanmış cinayət işi və onun ev dustaqlığına məhkum edilməsi ölkədə geniş rezonans doğurub.
87 yaşlı Mehdiyevə irəli sürülmüş ittihamlar da kifayət qədər ciddidir - CM-in 274-cü maddəsi - dövlətə xəyanət, 278-ci maddə - hakimiyyəti zorla ələ keçirmə və 193-1-ci maddə - cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması.
Uzun illər ərzində Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev həm də siyasi elitanın formalaşmasında əsas fiqur kimi tanınırdı. Onun dövründə yüzlərlə kadr, onlarla nazir, deputat, rektor və səfir siyasi meydanda yer alıb, şöhrət, mövqe, var-dövlət qazanıblar. Bu gün həmin adamların çoxu sükut içindədir. Mehdiyevin həbs xəbəri yayıldıqdan sonra onun keçmiş komandası - PA-nın sabiq şöbə müdiri Əli Həsənov, keçmiş XİN rəhbəri Elmar Məmmədyarov, ləğv edilmiş MTN-in rəisi Eldar Mahmudov, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, sabiq spiker Oqtay Əsədov, keçmiş qərargah rəisi Nəcməddin Sadıkov və digərləri yenidən gündəmə gəlib.
Aydındır ki, Ramiz Mehdiyev təkbaşına dövlət çevrilişinə cəhd edə bilməzdi. İttihamda “hakimiyyəti zorla ələ keçirmə” ifadəsinin yer alması bu əməliyyatın arxasında ciddi şəbəkənin dayandığını göstərir.
Məlumata görə, Ramiz Mehdiyevin həbsi SOCAR-ın sabiq vəzifəlisi Adnan Əhmədzadə işi ilə birbaşa bağlıdır. Adnan Əhmədzadənin istintaqa verdiyi ifadələr Azərbaycanın enerji təhlükəsizliyinə qarşı planlaşdırılan təxribatları üzə çıxarıb. Bu ssenarinin məqsədi ölkənin iqtisadi etibarlılığını zədələmək, Azərbaycanın Qərb tərəfdaşları qarşısında nüfuzuna zərbə vurmaq və ölkəni Rusiyanın sanksiyaları yarmaq oyununa alət kimi göstərmək idi. Məhz bu zəncirin bir həlqəsi kimi Ramiz Mehdiyevin adı hallanır. Onun uzun illər Rusiya elmi və siyasi çevrələri ilə yaxın münasibətləri, oğlu və gəlini vasitəsilə iqtisadi layihələrə təsir imkanları, “Bank BTB”nin idarəçiliyində ailə bağları artıq istintaq materiallarının bir hissəsidir. Bankın səhmlərinin 76,74 faizinə sahib olan Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Bank bu ilin ilk 9 ayında 641 min manat zərər edib, bu isə ötən illə müqayisədə 30 faiz artım deməkdir. Bu detal istintaqın toxunduğu “pulyuma” əməliyyatlarının maliyyə izi ola bilər.
Ekspertlər hesab edir ki, Ramiz Mehdiyevin həbsi ilə “beşinci kolon” adlandırılan, Rusiyanın maraqlarına işləyən daxili şəbəkənin ifşası mərhələsinə keçilib. Bu şəbəkə illərlə dövlət strukturlarında kök salmış, qərarverici postlarda oturmuş, informasiya axınını manipulyasiya etmişdi. Bu zəncirin ideoloji qoluna bir vaxtlar təbliğat rəhbəri kimi fəaliyyət göstərən Əli Həsənov, hərbi qoluna isə general Nəcməddin Sadıkov rəhbərlik edirdi.
Bəs istintaq sənədlərində həmin şəbəkənin üzvlərindən kimlərin adı olacaq?
Misir Mərdanov
Keçmiş təhsil naziri Misir Mərdanov da başqa həbslərin gözləndiyini deyir. “Hər kəs onun kimlərlə yaxın əlaqəsinin olduğunu gözəl bilir. Onların da məsuliyyətə cəlb olunmasının vaxtı çatıb”, - deyə keçmiş nazir bildirib.
Ramiz Mehdiyevə qarşı bu cür ağır ittihamların irəli sürülməsi onun dövlət təltiflərinin də taleyini sual altına salıb. Qanunvericiliyə görə, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmə kimi əməllərə görə verilmiş orden və medallar Prezidentin sərəncamı ilə geri alına bilər.
Aydın Mirzəzadə
YAP-çı deputat Aydın Mirzəzadə məsələ ilə bağlı bildirib: “Əgər belə ittihamlar irəli sürülübsə, deməli, ciddi əsaslar var. Dünənki qərar göstərdi ki, Azərbaycanda toxunulmaz şəxs yoxdur. Hər kəs qanun qarşısında cavabdehdir”.
Deputat Elman Nəsirov vurğulayıb ki, istintaq müddətində daha çox detal üzə çıxacaq və əgər ittihamlar sübuta yetirilərsə, Mehdiyev YAP-dan xaric ediləcək: “Hakim partiyanın bu məsələlərdə mövqeyi bəllidir. Cinayət sübuta yetirilərsə, onun partiyada qalması mümkün deyil”.
Arif Rəhimzadə
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə də bildirib ki, Mehdiyevin artıq partiyada real fəaliyyəti yoxdur: “Bu məsələ olmasaydı belə, o, YAP-dan uzaqlaşdırılmalı idi. Amma indi qərar labüddür”. Maraqlıdır ki, uzun illər Mehdiyevin himayəsində olmuş və onunla bir masa arxasında oturan onlarla sabiq məmur və deputat indi susur. Elmira Axundova kimi onun məktublarını “hörmətli Ramiz müəllim” xitabı ilə başlayanlar indi səssizdir. Çünki Ramiz Mehdiyevin həbsi, sadəcə, bir şəxsin deyil, bütöv bir sistemin çöküşüdür.
Hafiz Hacıyev
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bu prosesə illərdir “gözlənilən nəticə” kimi baxır: “Mən hələ 2010-cu ildən bu məsələni yazırdım. Ramiz Mehdiyev tək deyil, onun Milli Məclisdə, mediada, Moskvada böyük dəstəsi var. Onlar üzə çıxmalıdır”.
Ramiz Mehdiyev haqqında istintaqın başladılması dövlətin öz daxilindəki “kölgə strukturlar”la açıq mübarizə mərhələsidir. Bu, Azərbaycan dövlətçiliyinin özünü təmizləməsi prosesidir. 87 yaşlı “akademik ağsaqqal”ın həbsə göndərilməsi həm də bir mesajdır ki, dövlətə qarşı cinayətə yaş, titul və keçmiş xidmətlər bəraət qazandıra bilməz. İndi bütün diqqətlər istintaqın növbəti mərhələsinə yönəlib. Çünki görünür, Ramiz Mehdiyevin həbsi yalnız başlanğıcdır.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”