AZ

Marcelina Zielinska: Şuşada mədəni irsə əsaslanan şəhərsalma modeli tətbiq olunur

Şuşada mədəni irsə əsaslanan şəhərsalma modeli tətbiq olunur.

"APA-Economics" xəbər verir ki, bunu Böyük Britaniyanın “Chapman Taylor” şirkətinin İdarə Heyətinin direktoru Marcelina Zielinska Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edərkən deyib. O, Şuşa şəhərində həyata keçirilən bərpa və planlaşdırma işlərinin mahiyyəti barədə məlumat verib.

Onun sözlərinə görə, Şuşa şəhərinin baş planı “mədəni irsə həssas planlaşdırma” (Heritage Sensitive Master Planning) prinsiplərinə əsaslanır və məqsəd tarixi abidələrin qorunması ilə yeni inkişafın vəhdətini yaratmaqdır: “Məqsəd təkcə irsi qorumaq deyil, onu müasir inkişafla birləşdirərək həm estetik, həm də iqtisadi baxımdan dayanıqlı şəhər formalaşdırmaqdır”.

Zielinska qeyd edib ki, Şuşanın şərq hissəsində tarixi memarlıq və mədəni irs elementləri qorunaraq bərpa olunur, qərb hissəsində isə müasir yaşayış məhəllələri, yollar və yeni inkişaf zonaları yaradılır: “Şərq hissə şəhərin tarixi ruhunu saxlayır, qərb hissə isə yeni inkişafın mərkəzinə çevrilir. Bu bölgü şəhərin həm kimliyini, həm də gələcəyini qorumağa xidmət edir”.

O əlavə edib ki, layihənin həyata keçirilməsi üçün yerli və beynəlxalq ekspertlər birgə çalışıb, tarixi sənədlər, arxiv fotolar və memarlıq nümunələri öyrənilib: “Bu proses çoxsaylı mütəxəssislərin iştirakı ilə, beynəlxalq standartlara uyğun şəkildə aparılıb”.

Seçilən
31
2
apa.az

3Mənbələr