Dövlətə və vətənə xəyanəti təkbaşına etmək mümkün olduğu halda, hakimiyyəti təkbaşına ələ keçirmək qətiyyən mümkün deyil...
Dünən axşam saatlarında Prezident Adminstrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti 87 yaşlı Ramiz Mehdiyevin dövlətə xəyanətdə və hakimiyyəti ələ keçirmək cəhdində ittiham olunaraq ev dustaqlığında həbs olunması xəbəri cəmiyyətdə aydın havada şimşək çaxması effekti yaratdı. Artıq unudulan və diqqət mərkəzindən uzaqlaşdırılan Ramiz Mehdiyevin belə ağır ittihamlarla cinayət məsuliyyətinə cəlb olunması doğrudan gözlənilməz idi. Həm də adamın 87 yaşı olduğu halda.
Ramiz Mehdiyevin PA rəhbərliyindən getdikdən sonra AMEA prezidenti kimi fəaliyyəti onu göstərdi ki, bu ahıl adam o qədər hakimiyyətpərəstdir ki, özünün ləyaqətli dövlət adamı imicini belə düşünmədən yerlə-yeksan edə bilir. Ona görə də 87 yaşında hakimiyyəti ələ keçirmək cəhdi də təəccüblü görünməməlidir və yəqin ki, Ramiz Mehdiyevin bu cəhdi ilə Azərbaycanı Afrika qəbilə dövlətlərindən biri zənn etməsi ucbatından baş verib. 87 yaşında birinin hakimiyyət hərisliyini bu qədər cilovlaya bilməməsi də bunu göstərir. Sözün qısası, bu ahıl dediyimiz adam öz abrını nə qədər gözlədiyini, ləyaqətinə nə qədər dəyər verdiyini AMEA prezidenti olarkən göstərdi.
Ramiq Mehdiyevin həbs xəbəri yayılar-yayılmaz az-çox informasiya sahibi olan insanlar işin içində Rusiyanın barmağının olduğunu da düşünməmiş olmadılar. Son bir ildə Azərbaycan-Rusiya münaibətlərində baş verənlər bunu düşünmək üçün kifayət qədər əsas verirdi. Elə Ramiz Mehdiyevin həbs xəbərinin yayılmasından bir qədər sonra Eynulla Fətullayev “Facebook” sosial şəbəkəsində rus işğalı təhlükəsindən yazdı.
“Ramiz Mehdiyev və Rus partiyası hakimiyyəti devirib, ələ keçirmək istəyib! Azərbaycana qarşı Rus işğalı təhlükəsi!”, deyə jurnalist yazdı.
Fətullayevin “rus partiyası” deyərkən kimi, ya da kimləri nəzərdə tutduğunu hələlik birmənalı söyləmək mümkün deyil və təbii ki, bu, yaxın zamanda aydınlaşacaq. Məsələnin maraqlı tərəfi isə işin digər ayağıdı.
Xatırlayırsınızsa, təqribən bir ay əvvəl “The Insider” nəşri qalmaqallı bir araşdırma dərc eləmişdi. Həmin araşdırmada bildirilirdi ki, Rusiya prezidentinin köməkçisi, hazırda istefaya göndərilən və Putinin yaxın dostu kimi tanınan Dmitri Kozakın kurasiyasında yaradılan və QRU zabiti Valeri Çernışovun rəhbərliyində olan qrup Azərbaycan və Ermənistanla bağlı fəaliyyət göstərib.
Bu idarə Rusiya Federasiyası Prezident Administrasiyasının tərkibində olsa da, burada işlər xüsusi xidmət orqanlarının qanunlarına uyğun aparılırdı. Birincisi, dövlət məmurları, hərbçilər və tanınmış ictimai xadimlər haqqında "obyektiv məlumatlar" hazırlanır və sonra Moskvaya göndərilirdi. İkincisi, Dmitri Kozak üçün məxfi hesabatlar da tərtib edilir və sonra Putinə təqdim olunurdu. Xüsusilə, Kremlin Azərbaycanda Rusiyanın maraqlarını Türkiyəyə qarşı irəli sürə biləcək Rusiya tərəfdarı QHT-lərin demək olar ki, tam olmaması narahat edirdi. Nəşr məxfi hesabatlardan birindən bir parçanı təqdim edib:
“Azərbaycanda Rusiya QHT-lərinin fəaliyyətini gücləndirmək məqsədəuyğundur. Mövcud qurumların canlandırılması və ya yenilərinin yaradılması “yumşaq güc” alətinə çevrilə bilər. Vurğu sərhədyanı ərazilər, gənclər, tələbə təşkilatları, təhsil, rus dili, mədəni layihələr və jurnalistika forumları üzərindədir”, deyə hesabatda bildirilir.
“The Insider” nəşri yazıb ki, Çernişovun qrupu Azərbaycanda QHT-ləri, jurnalistləri və ictimai xadimləri Rusiyanın 5-ci kolonuna çevirmək üçün 100 milyon dollardan artıq pul xərcləyib və bu pullar QHT-lərə və tədbirlərin keçirilməsinə Prezident Adminstarsiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov üzərindən xərclənib.
Bir ay əvvəl dərc olunan bu araşdırmada bir çox başqa faktlar da ortaya çıxarılıb və onlardan biri də Əli Həsənovun Moskvadan gələn pulları sadəcə mənimsəməsi ilə bağlıdır.
Son bir ildə Bakı ilə Moskva arasında baş verənlərdən sonra aydın idi ki, Kreml Bakıdakı yumşaq güc vasitəsi çevriliş etməyə ən azından cəhd edəcək və bu cəhdin keçmiş yüksək çinli məmurların vasitəsi ilə həyata keçirməsi də gözlənilən idi.
Sözsüz ki, Ramiz Mehdiyevə qarşı dövlətə xəyanəti və hakimiyyəti ələ keçirmək cəhdi ilə bağlı bir çox insanlar məsuliyyətə cəlb olunacaq. Çünki dövlətə və vətənə xəyanəti tək başına etmək mümkün olduğu halda, hakimiyyəti təkbaşına ələ keçirmək qətiyyən mümkün deyil və bu baxımdan böyük ehtimalla yaxın günlərdə səs-küykü həbslər davam edəcək...
Poliqon.info