AZ

“Kreml buna görə hərəkətə keçib”- Politoloq

“Yaxın günlərdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündür. Bu prosesin sürətlənməsi fonunda Rusiya diplomatik fəallığını artırıb və sazişin məhz Moskvada imzalanması üçün təşəbbüs göstərir.”- bu fikirləri politoloq Arzuman Muradlı açıqlamasında bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloqun sözlərinə görə, Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzinin “Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır” bəyanatı Moskvanın bu istiqamətdə aktivləşdiyini göstərir.

Arzuman Muradlı hesab edir ki, Bakı ilə İrəvan arasında ciddi fikir ayrılığı qalmayıb və bu səbəbdən Moskvanın vasitəçiliyinə ehtiyac yoxdur.

Politoloqun fikrincə, sülh sazişinin imzalanması üçün əsas şərt Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.

“Baş nazir Nikol Paşinyan gələn ilin iyununda keçiriləcək parlament seçkilərindən sonra yeni Konstitusiyanın qəbul ediləcəyini açıqlayıb. Həmin sənəddə Azərbaycana ərazi iddiasını ehtiva edən bənd çıxarıldıqdan sonra sülh müqaviləsinin imzalanması üçün hüquqi maneə qalmayacaq.” – politoloq qeyd edib.

Arzuman Muradlı xatırladıb ki, Rusiya ilə ABŞ arasında Ukrayna müharibəsinə görə ciddi qarşıdurma mövcuddur və Azərbaycan ictimaiyyəti Rusiyanın bu müharibəsini işğalçı hərəkət kimi qəbul edir. Bundan başqa, həm Bakı, həm də İrəvan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır.

“Təkcə bu amilləri nəzərə alsaq, sülh sazişinin Moskvada imzalanması ehtimalı çox zəifdir. Okeanın o tayına yenidən səfərə ehtiyac olmasa da, sənəd başqa məkanlarda — məsələn, iki ölkənin sərhədində, Tiflisdə, Ankarada və ya Astanada imzalana bilər,” – politoloq bildirib.

Arzuman Muradlı hesab edir ki, bu proses Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşması və regionda sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
13
moderator.az

1Mənbələr