İlham Əliyevin mühüm tədbirlərə dəvət edilməsi onun dünya siyasətindəki rolunun daha da güclənməsinin göstəricisidir
Son 22 ildə uğurlu inkişaf yolu keçən Azərbaycan bu gün tarixinin ən qüdrətli dövlətinə çevrilib. Dünya təcrübəsində çox az ölkəni nümunə göstərmək olar ki, cəmi 22 illik zaman ərzində belə möhtəşəm uğurlara imza atsın. Cənubi Qafqazın lider ölkəsinin belə qısa zamanda əldə etdiyi uğurları şərtləndirən ən mühüm amil, əlbəttə ki, siyasi və iqtisadi müstəqillikdir.
Son illərdə Prezident İlham Əliyevin tam müstəqil siyasət yürütməsi ölkəmizi dünyada etibarlı tərəfdaşa, söz və güc sahibnə çevirib. Bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyada sosial-iqtisadi cəhətdən inkişaf etmiş, sabit, təhlükəsiz və müasir həyat səviyyəsinin təmin olunduğu ölkə kimi tanınır, beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb.
Əgər belə olmasaydı, Azərbaycan beynəlxalq təşkilatların forumlarında, konfranslarında təmsil olunmaz, İlham Əliyev isə ən mötəbər təşkilatların dünyanı narahat edən problemlərin müzakirəsinə həsr olunmuş konfranslarına dəvət edilməzdi. Ümumiyyətlə, İlham Əliyevin fəaliyyəti o qədər şaxəli, o qədər çoxvektorludur ki, onu tam şəkildə araşdırıb izah etmək üçün xeyli zaman lazımdır.
Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə, geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, o, ümumiyyətlə, dünya miqyasında tanınan, qlobal liderliyi etiraf olunan nüfuzlu siyasətçidir.
Məhz İlham Əliyev yürütdüyü diplomatiya ilə iki əsrlik münaqişəni, otuz illik müharibəni sonlandıraraq Cənubi Qafqaza sülh gətirib. Bu gün dünyanın müxtəlif bölgələrində davam edən münasiqişələrin, müharibələrin dayandırılması üçün İlham Əliyev kimi liderlərin məsləhətinə, diplomatik gedişlərinə ehtiyac duyulur. Məhz buna görə də istənilən münaqişənin dayandırılması, sülhün əldə olunması üçün keçirilən forum və konfranslara İlham Əliyev xüsusi qonaq kimi dəvət edilir.
Ümumiyyətlə, bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirlər səsləndirməsin. Yəni İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən bütün qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü qlobal təşəbbüsləri, mühüm təklifləri göstərmək olar.
Gəlin, son 3 həftə ərzində Azərbaycan Prezidentinin iştirak etdiyi qlobalmiqyaslı toplantılara nəzər yetirək.
Sentyabrın 25-də Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası;
Oktyabrın 2-də Danimarkada "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı;
Oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü;
Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası;
Oktyabrın 13-də ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammiti.
Göründüyü kimi, Azərbaycan Prezidenti son 20 gün müddətində 5 mötəbər toplantıda iştirak edib.
Bu, ilk növbədə Prezidentin gərgin, eyni zamanda nəhəng, müxtəlif coğrafiyaları əhatə edən zəngin iş qrafikinin əyani təzahürüdür.
Bu, İlham Əliyevin praqmatik siyasəti, hadisələrə baxışı, diplomatik gedişləri, tövsiyələri fonunda onun dünya liderləri sırasında birgə addımladığının təsdiqidir.
2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük etimadını qazanaraq Prezident seçilən İham Əliyev həmin gündən etibarən 2020-ci ilin sentyabr ayına qədər bütün beynəlxalq təşkilatların tribunasından Azərbaycan həqiqətlərini dünyaya car çəkdi.
Bu ilin sentyabrın 25-də dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin ali kürsüsünə çıxan dövlətimizin başçısı çıxışına məhz bu məqamla başladı və bildirdi ki, uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışıb. İndi isə qələbəyə və sülhə aparan uzun yoldan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyindən danışır.
Prezident ABŞ-yə səfəri çərçivəsində çox mühüm görüşlər keçirdi. Qarşı tərəfin xahişi ilə İlham Əliyevlə keçirilən müxtəlif formatlı görüşlərdə Prezident beynəlxalq şirkətləri, təşkilatları işbirliyinə dəvət etmişdi.
Oktyabrın 2-də İlham Əliyev Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısına dəvət edilmişdi.
Bu səfər çərçivəsində İlham Əliyev qarşı tərəfin xahişi ilə Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Niderland Krallığının Baş naziri Dik Sxof, Ukrayna Prezidenti Volodimir Zelenski, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni və Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşlər keçirib.
"Avropa Siyasi Birliyi"nin plenar iclaslarında və ondan sonra keçirilən "dəyirmi masa"larda isə Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olundu.
Oktyabrın 7-də Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının liderlərinin toplantısına evsahibliyi etdi. Bu, ilk növbədə Azərbaycan regionlarının yüksəlişinin əyani təzahürü idi. Vaxt var idi, beynəlxalq tədbirlərə paytaxtımız Bakı şəhəri evsahibliyi edirdi. İndi isə yüksəliş mərhələsi paytaxtdan rayonlarımıza, bölgələrimizə keçib. Bu gün Şuşa, Xankəndi, Qəbələ, Gəncə şəhərləri də beynəlxalq konfranslara, idman yarışlarına yüksəksəviyyəli evsahibliyi edirlər.
TDT-nın Zirvə görüşündəki çıxışında da dövlət başçısı bir daha vurğuladı ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfər edən İlham Əliyevin burada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü olub. Prezidentlərin görüşündə iki ölkə arasında gərginlik yaratmış səbəblərə aydınlıq gətirilib. Buna əsaslanaraq deyə bilərik ki, Azərbaycanla Rusiya arasında münasibətlər normal məcraya dönür.
Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi. İclasda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, bu gün Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Münasibətlər qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.
Dövlət başçısı çıxış edərək humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirdə işgüzar səfərdə olub.
Oktyabrın 13-də Beynəlxalq Konqres Mərkəzində sammit keçirilib.
Sammitdə Prezident Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq deyib: "Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs, Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır".
Son 20 gündə İlham Əliyevin fərqli coğrafiyalarda, fərqli formatda keçirilən sammit və konfranslarda iştirakı bir daha onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti müstəqil siyasəti ilə qlobal lider statusuna sahiblənib. İlham Əliyevin adı dünyada təşəbbüskar, sülh və yardımsevər diplomat, ölkəsini cəmi 22 ildə tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident kimi çəkilir.
Prezidentin beynəlxalq tədbirlərdə iştirakı və Azərbaycanı dünyada yüksək səviyyədə təmsil etməsi ölkəmizin mövqeyinin yalnız bölgə deyil, həm də dünya miqyasında gücləndiyini təsdiqləyir. Əminliklə deyə bilərik ki, Azərbaycanın müstəqil xarici siyasətinin əsas prinsiplərinə sadiq qalaraq, dünya siyasətindəki müsbət təsirini artırmaq məqsədilə İlham Əliyev beynəlxalq aləmdə daha da yüksək mövqelərə çatacaq və bu yol Azərbaycanın strateji maraqlarının daha da irəliləməsinə xidmət edəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"