Belçikada işçilər hökumətin qənaət və ixtisar siyasətlərinə etiraz olaraq bir günlük ümummilli tətilə başlayıblar. Tətil nəticəsində ölkə üzrə ictimai xidmətlər, nəqliyyat və hava yolları iflic vəziyyətinə düşüb.
İşçi həmkarlar ittifaqları dövlətin əməkhaqları, sosial təminat, işsizlik və pensiya xərclərində planlaşdırdığı azalmaları etirazla qarşılayaraq bu gün işlərini dayandırıblar.
Kütləvi iştirakla keçən tətil nəticəsində həm dövlət, həm də özəl sektorun fəaliyyəti ciddi şəkildə pozulub.
Brüssel və Şarlerua hava limanlarında çalışan işçilərin də tətildə iştirakı səbəbilə bütün gediş reysləri ləğv edilib. Şarlerua Hava Limanı həm gediş, həm də gəliş istiqamətində bağlanıb, Brüssel Hava Limanında isə çox az sayda eniş həyata keçirilib.
Brüsseldə ictimai nəqliyyat işçilərinin də tətilə qoşulması nəticəsində metro, avtobus və tramvay xətləri demək olar ki, tamamilə dayanıb. Flaman və Valon bölgələrində də oxşar vəziyyət yaşanır.
Müəllimlərin tətildə kütləvi iştirakı səbəbindən bəzi məktəblərdə dərslər dayandırılıb. Bələdiyyə işçilərinin tətili isə zibil toplama, uşaq bağçaları və yerli idarə xidmətlərini iflic edib.
Səhiyyə və poçt xidmətləri də tətildən ciddi təsirlənib.
Hökumət pensiya yaşının artırılması, əmək bazarının çevikləşdirilməsi, maaş artımlarının məhdudlaşdırılması və xəstəlik məzuniyyətləri ilə bağlı yeni sərtləşdirici qaydalar tətbiq etmək istəyir. Həmkarlar ittifaqları isə bu siyasətləri “sosial haqlara açıq hücum” adlandıraraq kəskin etiraz edir.
Brüsseldə kütləvi etiraz aksiyası keçirilib — minlərlə insan hökumətin siyasətlərinə qarşı yürüş edib. Şəhərin Şimal Dəmiryolu Vağzalından başlayan aksiya Midi Vağzalına qədər davam edib.
Etirazçılar həmkarlar ittifaqlarını təmsil edən yaşıl, qırmızı və mavi geyimlərdə “Hökuməti dayandırın”, “Müharibəyə pul var, pensiyaya yoxdur”, “Haqlarımıza toxunmayın” kimi şüarlar səsləndiriblər.
Yürüş səbəbindən Brüsselin mərkəzi küçələri nəqliyyata bağlanıb, şəhərdə ciddi nəqliyyat sıxlığı yaranıb.