AZ

Azərbaycan İranı da Zəngəzur dəhlizinə cəlb edir...


Bu günlərdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında Bakı şəhərində üçtərəfli görüş keçirilib.

Görüş zamanı Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub və üçtərəfli görüşün nəticələrinə dair kommünike qəbul olunub.

Bununla yanaşı, Şahin Mustafayev Fərzanə Sadiqlə ayrılıqda da görüşüb. Görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlər, xüsusilə də nəqliyyat-tranzit, energetika, gömrük və digər sahələr ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantılarının inkişafı layihəsi çərçivəsində Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil yolları körpüsünün və gömrük-sərhəd infrastrukturunun tikintisi üzrə işlərin yekunlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı gündəlikdə duran aktual məsələləri nəzərdən keçiriblər. Qeyd olundu ki, Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8.3% artıb və bunun da 10.4%-i avtomobil, 2%-i isə dəmiryolu daşımalarının payına düşür. Dəhliz boyunca infrastrukturun genişləndirilməsi istiqamətində görülən işlərin uzlaşdırılmış şəkildə aparılmasının və yükdaşımaların həcminin davamlı artımının təmin edilməsinin mühüm önəm kəsb etdiyi bildirilib. Bu kontekstdə dəhlizin vacib komponenti olan Cənub Yük Terminalının tikintisi üzrə işlərin tamamlanmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Astaraçay çayı üzərində inşa olunmuş avtomobil körpüsünün tam gücü ilə işə salınması üçün görüləcək zəruri tədbirlər barədə fikir mübadiləsi aparılıb. Tərəflər eyni zamanda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya görüşünün üç ölkə arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmini qeyd ediblər. Bunların fonunda Fərzanə Sadiq qeyd edib ki, ölkəsi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İranın şimalında yerləşən Rəşt-Astara dəmiryolunun tikintisi prosesini önəmli layihələrdən biri olaraq diqqət mərkəzində saxlayır. İranlı nazir əlavə edib ki, ötən bir neçə ayda əsasən diqqət mərkəzində saxlanan və fiziki işlərin sürətli şəkildə izlənilməsi nəzərdə tutulan proyekt Rəşt-Astara dəmiryolunun birləşdirilməsidir: “Rəşt-Astara dəmiryolu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təkmilləşdirən hissədir. Bu dəhliz çərçivəsində sadəcə bu hissədə dəmir yolu yoxdur. İran tərəfi ilin sonunadək dəmir yolu xəttinin keçəcəyi ərazinin mülkiyyətinin satın alınması prosesini başa çatdıracaq. Rusiya tərəfi dəmiryolunun tikintisi üzrə tədqiqatları başlayıb”. Onun sözlərinə görə, Azərbaycan, İran və Rusiya arasında təşkil olunan iqtisadiyyat və ticarət üzrə Bakı iclası effektiv iclas idi: “Çünki uzun müddətdir ki, bu iclasın keçirilməsi üçün hazırlıqlar gedirdi. İclasda qəbul edilən qərarlar və həyata keçirilməsinin vacib olduğu qeyd olunan məsələlər önəmli idi”.

Sadiq bildirib ki, üçtərəfli görüşdə xüsusi qeyd olunan və qəbul edilən mövzu üç ölkə arasında ildə 15 milyon ton yükün daşınması ilə əlaqədar perspektivin əldə olunması yol xəritəsinin hazırlanmasıdır: “Təbii ki, bu perspektivi əldə etmək mümkündür və sözügedən yol xəritəsi ilə qarşıda duran problemlər mütləq şəkildə həll olunacaq. Gələn 3 il ərzində bu dəmiryolunun tikintisində fiziki işlərdə böyük irəliləyişin əldə olunacağı gözlənilir”. Sadiq qeyd edib ki, Bakı iclasında diqqət çəkən digər məsələ üç ölkənin gömrük rəsmilərinin iştirakı ilə keçirildiyini nəzərə alaraq tranzit və yükdaşıma prosesinin sadələşdirilməsi idi: “Bu məsələ də iclasda xüsusi şəkildə diqqət mərkəzində saxlanıldı. Bu istiqamətdə tranzitin böyük hissəsinin sadəcə infrastrukturla əlaqəli olmadığı bəlli bir məsələdir. Həm dəniz, həm quru yol, həm də dəmiryolu ilə müxtəlif sadələşdirmələrin nəzərdə tutulması böyük əhəmiyyət kəsb edir. Ən önəmli olan isə quru yol ilə yükdaşıma və tranzit sahəsində sadələşdirmələrin tətbiq olunmasıdır”. İranlı nazir əlavə edib ki, həm üçtərəfli iclasda, həm də ikitərəfli görüşlərdə İran-Azərbaycan və Azərbaycan-Rusiya arasında bütün sərhəd-keçid məntəqələrindən keçən yük maşınlarının sayının artırılması xüsusi olaraq qeyd edildi: “Bakı iclasının digər önəm verdiyi məsələ enerji sahəsi, qaz və elektrik dəhlizlərinin yaradılması idi. Hər üç ölkə bu sahədə əməkdaşlığın artırılması, praktiki addımların atılması və əldə olunan razılaşmaların icrasına maraq göstərir. Tezliklə bu sahədə atılan addımların müsbət nəticələrinin şahidi olacağıq”. Xatırladaq ki, Azərbaycanın coğrafi mövqeyi ona tarixən Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm körpü rolunu oynamaq imkanı verib. Bu strateji üstünlük indi müasir nəqliyyat dəhlizlərinin inkişafı sayəsində daha da möhkəmlənir. Xüsusilə Rəşt–Astara dəmir yolunun inşası regionda iqtisadi əlaqələrin canlanmasına, Azərbaycanın tranzit potensialının genişlənməsinə və beynəlxalq nüfuzunun artmasına səbəb olacaq. Rəşt–Astara dəmir yolu Şimal–Cənub nəqliyyat dəhlizinin mühüm tərkib hissəsidir. Bu dəhliz Hind okeanı sahillərindən başlayaraq İran, Azərbaycan, Rusiya və daha sonra Avropaya qədər uzanır. Dəhlizin əsas məqsədi Asiya ilə Avropa arasında yüklərin daha sürətli və səmərəli daşınmasını təmin etməkdir. Azərbaycan üçün bu layihə həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Dəmir yolunun istifadəyə verilməsi ilə ölkə regionun əsas logistika mərkəzinə çevriləcək, yük axını tranzit gəlirlərini xeyli artıracaq. Bu, həmçinin Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsindəki strateji mövqeyini daha da möhkəmləndirəcək. Rəşt–Astara dəmir yolu Azərbaycanın tranzit ölkə kimi rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək. Hazırda dünya ticarətinin böyük hissəsi Asiyadan Avropaya daşınır və bu yüklərin əksəriyyəti dəniz marşrutları ilə hərəkət edir. Yeni dəhliz sayəsində bu yükün bir hissəsi quru nəqliyyatı ilə, yəni Azərbaycan ərazisi vasitəsilə daşına biləcək. Bu, ölkəyə illik yüz milyonlarla dollar tranzit gəliri qazandıra bilər. Eyni zamanda, dəhliz Azərbaycan limanlarının, xüsusilə Ələt Beynəlxalq Dəniz Limanının fəaliyyətini canlandıracaq. Yük axınının artması yeni logistika mərkəzlərinin, anbarların, xidmət müəssisələrinin yaranmasına səbəb olacaq və bu da yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Azərbaycan sahibkarları üçün də yeni imkanlar yaranacaq. Dəmir yolu vasitəsilə İrana, Hindistana və digər Cənub ölkələrinə ixrac daha rahat və ucuz olacaq. Bu, həm qeyri-neft sektorunun, həm də region iqtisadiyyatının inkişafına ciddi təkan verəcək. Layihə Azərbaycanın beynəlxalq mövqeyini də gücləndirəcək. Bakı uzun illərdir nəqliyyat dəhlizlərini regionun əməkdaşlıq platformasına çevirməyi hədəfləyir. Rəşt–Astara dəmir yolunun istismara verilməsi bu məqsədə doğru böyük addımdır. Bu layihə həm də Azərbaycan ilə İran arasında əməkdaşlığın dərinləşməsinə xidmət edir. Eyni zamanda, bu layihə gələcəkdə Orta Dəhliz və Zəngəzur dəhlizi ilə birləşərək Azərbaycanın qlobal nəqliyyat xəritəsində çoxşaxəli qovşaq rolunu oynamasına imkan verəcək. Deməli, Azərbaycan İranı da Zəngəzur dəhlizinə cəlb edə biləcək.

Nahid SALAYEV

Seçilən
13
baki-xeber.com

1Mənbələr