AZ

Tramp Ərdoğanın Rusiya qazından imtinasını Misirdə bir daha xatırlatdı...


Abutalıb Səmədov: “...İmtina etməsi müharibənin taleyində...”

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında münaqişənin sona çatmasında əsas rol oynaya biləcəyinə əminliyini ifadə edib. “Ərdoğan edə bilər. Rusiyada ona hörmət edirlər, Ukrayna haqqında deyə bilmərəm. Amma Rusiya Prezidenti Vladimir Putin ona hörmət edir və o, mənim dostumdur”, - deyə Tramp bildirib.

Tramp Misirdən qayıdarkən bəyan etdi ki, Ərdoğan Ukraynada müharibənin bitirilməsində mühüm rol oynaya bilər.

Tramp burda nəyi nəzərdə tutub?

Xatırladaq ki, Ərdoğanın ABŞ səfəri çərçivəsində keçirilən görüşdə Tramp Ərdoğan haqqında belə bir fikir demişdi ki, Ərdoğanın Ukrayna müharibəsi üçün hazırkı şəraitdə edə biləcəyi şey Rusiyanın neft və qazından imtina etməkdir. Yəni Ərdoğan bu ölkənin neft və qazından imtina edərsə Rusiya iqtisadiyyatına zərbə dəyər, Rusiya zəifləyər və təslim olar.

Tramp bildirirdi ki, Ərdoğan Ukrayna-Rusiya müharibəsində aşırı dərəcədə bitərəf mövqe tutur. İndi də deyib ki, Ərdoğan Ukraynada müharibənin bitirilməsində mühüm rol oynaya bilər. Bu ikinci dediyini necə başa düşmək olar? Tramp əvvəl dediyinin üstündəmi qalır? Yəni Ərdoğandan gözlədiyi odur ki, Rusiyanın neftindən, qazından imtina etsin, yoxsa Ukrayna müharibəsinin həllində Ərdoğandan yeni bir rol gözləyir? Fikrimizcə, əsas gözlənti birincidir, yəni indiki şəraitdə Ərdoğanın Rusiyanın qazından və neftindən imtina etməsi. Son açıqlamanın arxasında nə dayanır - Ukrayna müharibəsinin bitməsi üçün neft və qazdan imtinası, yoxsa baş qa bir şey?

“...Qəti tələbidir ki, Türkiyə Rusiyadan aldığı sutkada 300 min barel neftdən imtina etməlidir”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Tramp həm birinci prezidentliyi, həm də indiki hakimiyyəti dövründə Ərdoğan haqqında çoxlu xoş sözlər söyləyib, bəzən onun söylədiyi sözlər arasında ziddiyyətləri də görməmək mümkün deyil. “Trampın Ərdoğandan istədiyi, gözlədiyi və onu şəxsiyyət kimi dəyərləndirdiyi məsələlər hansılardır? Birincisi, Ərdoğanın neytrallığını Tramp müsbət qiymətləndirir və bu barədə onunla Ağ Evdə görüşərkən də deyib. Çünki bu neytrallıq Ərdoğana imkan verir ki, həm Rusiya prezidenti, həm də Ukrayna prezidenti ilə əlaqə saxlasın və onlar arasında sülhün təmin olunmasına xidmət göstərsin. Məhz bu neytrallığın nəticəsi olaraq 2022-ci ilin martında İstanbulda müharibə ərzində ən yaxşı sülh sənədi paraflandı. Ukraynanın təqdim etdiyi layihə idi və gözlənilmədən Rusiya da bu sənədi, bu təklifləri qəbul etdi. Həm Krımı, həm Donesk və Luqanski, həm də digər məsələləri müzakirə etməyə hazır olduğunu bildirdi. Bu yeganə görüş idi ki, Putin hətta Krımı da Ukrayana ilə müzakirə etməyə hazır idi. Bir şərtlə ki, 15 il müddətində hərbi yolla Krımı azad etməyə təşəbbüs göstərilməsin. Ondan sonra da İstanbulda bir sıra görüşlər keçirildi və bu da, təbiidir ki, Ərdoğanın tutduğu neytral mövqenin nəticəsi idi. Yekun sülhün imzalanmasının mümkün olacağı yerlər haqqında danışarkən ilk ağla gələn İstanbul olur. Təbiidir ki, bu da Ərdoğanın yeritdiyi siyasətin nəticəsidir. Ancaq neytrallığın ikinci tərəfini Tramp qəbul etmir. Onun düşüncəsinə görə, Rusiyanı sülhə məcbur etməyin kökündə onun iqtisadi cəhətdən zəiflədilməsi dayanır. Bunun üçün də Rusiyanın neftindən və qazından ən azı Qərb, Avropa ölkələri imtina etməlidirlər. Dəfələrlə bir məqam xüsusi vurğulanıb ki, Avropa müharibənin ilk üç ili ərzində Ukraynaya 132 milyard dollar yardım edib. Həmin müddətdə Rusiyadan 240 milyardlıq neft və qaz alıb. Yəni bu da əslinə qalsa Rusiyaya yardımdır. İndi sual olunur, əgər Avropa müharibənin bitməsini və Ukraynanın şərtlərinin qəbul olunmasını istəyirsə, nədən Rusiyadan bu qədər neft və qaz alır və onun hərbi gücünün artmasına yardım göstərir? Bu səbəbdən Tramp tələb edir ki, NATO ölkələri Rusiya neftindən imtina etsinlər. Rusiyadan neft alan üçüncü əsas ölkə Türkiyədir. Birinci yerdə Çindir, ikinci Hindistan, üçüncü isə Türkiyədir. Əslinə qalsa, Çinlə və Hindistanla müqayisədə Türkiyənin Rusiyadan aldığı neftin həcmi o qədər də çox deyil. Bu, Trampın qəti tələbidir ki, Türkiyə Rusiyadan aldığı sutkada 300 min barel neftdən imtina etməlidir. Eyni zamanda Türkiyə Rusiyadan ən çox qaz alan dövlətlər içərisindədir. Bu məsələ də ABŞ-da narazılıq doğurur. Üçüncü məsələ “S-400”lə bağlıdır, tələb olunur ki, Türkiyə bu hava hücumundan müdafiə sistemindən imtina etsin, bunu başqa bir dövlətə versin, yaxud başqa bir dövlətin ərazisində yerləşdirsin və yalnız bundan sonra Tramp administrasiyası “F-35”lər məsələsinə baxmağı, hətta Türkiyəni yenidən bu proqrama qaytarmağı müzakirə etmək istəyir. Eyni zamanda Türkiyənin digər istəkləri var və Tramp bu istəkləri müzakirə etməyə hazır olduğunu bəyan edib.

Ərdoğanın Rusiya neftindən və qazından imtina etməsi müharibənin taleyində həlledici rol oynaya bilərmi? Təbiidir ki, oynaya bilməz”.

A.Səmədovun sözlərinə görə, 2025-ci ildə Rusiya neft və qaz satışından 111 milyard dollar gəlir götürüb, orda Türkiyənin payı o qədər də böyük deyil, əsas pay Çinə və Hindistana məxsusdur. “Hətta Türkiyə imtina etsə belə, Rusiya neft və qaz satışından kifayət qədər gəlir götürəcək. Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə gəliri xeyli azalıb. Bu səbəbdən güman edirəm ki, Türkiyə Prezidenti Trampın bu tələblərini icra etməkdə çətinlik çəkəcək” .

A.Səmədovun fikrincə, tutalım, Rusiya qazın 1000 kub metrini Türkiyəyə 300 dollara satır, amma ABŞ ondan iki qat baha qiymətə, 600 dollardan artığa Türkiyəyə maye qaz təklif edir. “Nəzərə alsaq ki, Türkiyənin Rusiyadan aldığı qazın həcmi təxminən 30 milyard kubmetr səviyyəsindədir, ABŞ-dan almaq qərarına gəlsələr, bu, Türkiyə üçün kifayət qədər ağır yük ola bilər. Hərçənd, ABŞ-la Türkiyə arasında bu sahədə müəyyən razılaşmanın olduğu deyilir. Bu, Türkiyə cəmiyyətində çox ciddi narazılıqla qarşılanıb. Ancaq Ərdoğan Trampın bu tələbləri barədə düşünmək məcburiyyətindədir. Digər tərəfdən, Tramp Ərdoğanı bir dövlət adamı kimi çox yüksək qiymətləndirir və onun Yaxın Şərqdə sülhün təmin olunmasında, xüsusilə İsraillə HƏMAS arasında razılaşmanın imzalanmasında oynadığı rola yüksək dəyər verir. Əslinə qalsa, Tramp Ərdoğanın yeritdiyi siyasətin düzgün olduğunu başa düşür. Bu barədə hətta ziddiyyətli fikirlər söyləsə də onun Ərdoğana verdiyi dəyərin kökündə bu ağıllı xarici siyasət dayanır. Tramp da bundan faydalanmaq istəyir. Bu səbəbdən deyir ki, Rusiya-Ukrayna müharibəsinin yekunlaşmasında, sülh sazişinin imzalanmasında Rəcəb Tayyib Ərdoğan Çinlə, Hindistanla yanaşı çox böyük rol oynaya bilər. Avropa dövlətlərinin Putinə elə bir təsiri yoxdur və onların faaliyyətləri daha çox sülhün imzalanmasına mane olmaq istiqamətinə yönəlib. Ancaq Putin Hindistanla, Çinlə, onların rəhbərləri ilə hesablaşır, Ərdoğanı dinləyir. Eyni zamanda müəyyən qədər Afrika ölkələrinin rəhbərləri ilə də fikir mübadiləsi aparır və onların söylədiklərini müəyyən qədər nəzərə almağa çalışır. Yalnız bu dövlət başçıları içərisində Ərdoğan xüsusi yer tutur. Rusiya-Ukrayna müharibəsinin başa çatmasında Ərdoğan mühüm rol oynaya bilər. Trampın da əsas istəyi özü üçün prioritet saydığı məsələ Rusiya-Ukrayna müharibəsini bitirməkdir və inanır ki, bu il alınmasa da, gələn il mütləq “Nobel” Sülh Mükafatını alacaq”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
1
baki-xeber.com

1Mənbələr