İsrail və ABŞ rəsmiləri Qəzza zolağında iki ildir davam edən silahlı qarşıdurmaya son qoyduqlarını bəyan ediblər. Bu, 2023-cü il oktyabrın 7-də törədilən qırğın zamanı HƏMAS tərəfindən tutulan son yaşayan israilli girovların oktyabrın 13-də azad edildiyi bir vaxtda baş verib.
ABŞ prezidenti Donald Trampın İsrail səfəri və İsrail Knessetinə (parlament) müraciəti sağ qalan 20 əsirin yəhudi dövlətinə təhvil verilməsi ilə eyni vaxta düşüb. Ağ Evin rəhbəri bəyan edib ki, İsrail və HƏMAS arasındakı razılaşma bütün Yaxın Şərq üçün tarixi şəfəq kimi tarixə düşüb.
Donald Tramp Knessetdəki çıxışına başlayanda 20 nəfər İsrailə qayıtmışdı. HƏMAS silahlı qanadı onları iki qrupda – yeddi və 13 nəfər olmaqla, Qəzza zolağının iki fərqli yerində Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə təhvil verib. Qırmızı Xaç işçiləri daha sonra onları İsrail hərbçilərinə təhvil verib, onlar da öz növbəsində sağ qalanları ilkin tibbi müayinədən keçmək və ailələri və yaxınlarına qovuşdurmaq üçün yəhudi dövlətinə aparıblar. Tramp bu günü təkcə müharibənin sonu deyil, həm də “terror dövrünün sonu” adlandırıb. Knessetdə çıxış edən Amerika lideri Yaxın Şərq üçün “tarixi şəfəq”in gəldiyini bəyan edib. Uzun çıxışı zamanı Amerika lideri regionun indi çiçəklənəcəyini qeyd etdi. O, hətta İran rəhbərliyinə müraciət edib: “Dünyanın bu hissəsinə İran liderlərinin qonşularını təhdid edən terrorizmdən əl çəkməsi, müvəkkil milisləri maliyyələşdirməyi dayandırması və nəhayət, İsrailin mövcud olmaq hüququnu tanıması qədər heç nə fayda verə bilməz... İran buna hazır olmalıdır”. Bundan başqa, Tramp gözlənilmədən İsrail prezidenti İsaak Herzoqa üç korrupsiya halında ittiham olunan baş nazir Binyamin Netanyahunun mühakiməsinə xitam verilməsi təklifi ilə müraciət edib: “Mənim bir fikrim var, cənab prezident: niyə onu əfv etmirsiniz?. Onu bağışla. İstəsək də, istəməsək də, o, müharibə dövrünün ən böyük liderlərindən biridir”. Netanyahu özü də Knessetdəki çıxışı zamanı müharibənin bitdiyini açıq şəkildə etiraf edib: “İndi İsrail daxilində və onun hüdudlarından kənarda sülhün vaxtıdır. Mən “İbrahim sazişləri” ilə müəyyən edilmiş yolu davam etdirməyi səbirsizliklə gözləyirəm. Heç kim sülhü İsrail dövlətindən daha çox istəmir”.Netanyahu çıxışının əhəmiyyətli hissəsini Trampa təşəkkür etməyə həsr edib. O xatırladıb ki, İsrailli girovların qaytarılması və Qəzzada müharibənin sona çatması ABŞ-ın diplomatik vasitəçiliyi və İsrail Müdafiə Qüvvələrinin HƏMAS-a göstərdiyi hərbi təzyiq olmadan mümkün olmayacaqdı. Bunlardan sonra ABŞ, Misir, Türkiyə prezidentləri və Qətər əmiri Şarm əl-Şeyx sammitində İsrail ilə HƏMAS arasında vasitəçi kimi Qəzza zolağında müharibənin dayandırılması haqqında saziş imzalayıblar. Tramp bu fonda qeyd edib: “Həmişə deyirdilər ki, Üçüncü Dünya müharibəsi Yaxın Şərqdə başlayacaq, amma bu, baş verməyəcək. Nəhayət, Yaxın Şərqə sülh gəldi”.
Sammitdə Almaniya, Böyük Britaniya, Fransa, Türkiyə və bir sıra Avropa, ərəb və islam ölkələrinin liderləri iştirak edib. Rusiya dəvət olunmayıb. İsrailin baş naziri Benyamin Netanyahu dəvət alsa da, Simxat-tora yəhudi bayramını əsas gətirərək imtina edib. Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas sammitə qatılıb. Şarm əl-Şeyx sammitində nə İsrail, nə də HƏMAS təmsil olunub. Tramp çıxışında qeyd edib ki, döyüşlər nəticəsində ciddi şəkildə dağıdılmış Qəzza zolağının bərpası dövrü başlayır. Misir prezidenti ölkəsinin bu məsələ ilə bağlı beynəlxalq konfrans keçirəcəyini təsdiqləyib. Sammitin yekunlarına dair heç bir razılaşma elan olunmayıb. Amma, hələlik, nə İsrail, nə də HƏMAS Trampın sülh planının bütün bəndləri ilə razılaşıb. Qəzza zolağını kimin idarə edəcəyi, HƏMAS-ın tərksilah olunub-olunmayacağı müəyyən edilməyib, Fələstin ərazilərinin taleyi ilə bağlı digər məsələlər də həllini tapmayıb. HƏMAS İsrailin silahların təhvil verilməsi ilə bağlı tələblərini rədd edib. Bir vaxtlar Britaniya mandatı altında olan Fələstin ərazisində yəhudi (İsrail) və ərəb (Fələstin) dövlətlərinin yaradılması BMT qətnamələrində də nəzərdə tutulub. İsrail 1948-ci ildə müstəqilliyini elan edib, 1967-ci ildən sonra İordan çayının Qərb sahilini və Qəzza zolağını nəzarətə götürüb. Bundan sonra qurulan Fələstin Milli Administrasiyası yalnız Qərb sahilinin bir hissəsini idarə edir. 2007-ci ildən Qəzza zolağında ABŞ və Aİ-nin terrorçu təşkilat kimi tanıdığı, İsraillə müharibə vəziyyətində olan HƏMAS qruplaşması hakimiyyətdədir. Istənilən halda isə Şarm-əl-Şeyx samiiti Qəzza böhranın həlli üçün mühüm əhəmiyyətə malikdir.Rəsmi Vaşinqtonun təklif etdiyi plana əsasən, Qəzza bölgəsi HƏMAS ilə əlaqəsi olmayan mülki administrasiyanın rəhbərliyinə veriləcək. Bu administrasiya Fələstin muxtariyyətinə sadiq olacaq və beynəlxalq nəzarət altında, Körfəz ölkələrinin maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək. Sammitdə, həmçinin beynəlxalq nəzarət mexanizmi, terror təşkilatlarının hakimiyyətə buraxılmaması, dağıdılan infrastrukturun bərpası və bunların həyata keçirilməsi üçün xüsusi fondun yaradılması məsələləri müzakirə olunub. Bunlarla yanaşı, Qəzza, Misir və İsrail arasındakı sərhəd-keçid məntəqələrinin nəzarətdə saxlanılması, Misir, İordaniya və ABŞ arasında əlaqələndirici strukturun yaradılması tədbirlərinə də toxunulub. Tədbir uzunsürən və minlərlə insan tələfatının, humanitar böhranın qarşısının alınması baxımından sülhün bərqərar olması üçün imkandır. Burada onu da qeyd edək ki, prezident İlham Əliyevin Donald Tramp tərəfindən sammitə şəxsən dəvət olunması isə artıq Azərbaycanın qlobal siyasətdə özünəməxsus yer tutduğunu göstərir. Ölkəmiz Yaxın Şərqdə sülhə töhfə verməyə hazırdır. Yaxın Şərq kimi mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi tarazlaşdırılmış, müstəqil və çoxvektorlu xarici siyasət yürüdən dövlətin rolu mühüm əhəmiyyət kəsb edir. Azərbaycan həm diplomatik fəallığı, həm də multikulturalizm və dinlərarası dialoq təcrübəsi ilə Yaxın Şərqdə sülh prosesinə real töhfə verən ölkələrdəndir. Ölkəmizin xarici siyasət strategiyası tarazlıq prinsiplərinə əsaslanır - Azərbaycan həm Qərb, həm də Şərq dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər saxlayır, müxtəlif dini və mədəni mərkəzlər arasında körpü rolunu oynayır. Bu amil Bakının Yaxın Şərqdəki sülh təşəbbüslərində etibarlı tərəfdaş kimi qəbul edilməsinə imkan yaradıb. Azərbaycanın İsrail və Fələstinlə münasibətləri bunun bariz nümunəsidir: Bakı həm İsraillə strateji əməkdaşlıq edir, həm də Fələstin xalqının dövlət qurmaq hüququnu dəstəkləyir.
Ramil QULİYEV