BAKI, 14 oktyabr. TELEQRAF
Noyabrın 18-də "Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Teleqraf xəbər verir ki, yığıncağın gündəliyinə “Səba” ASC-nin yeni redaksiyada Nizamnaməsi, Direktorlar Şurası, “Qarabağ Taxıl” MMC-nin (VÖEN: 5000268351) və “Biləsuvar Aqro” MMC-nin (VÖEN: 4100179981) “Səba” ASC-yə qoşulması haqqında və dividendlərin elan edilməsi haqqında məsələlər müzakirə ediləcək.
Dövlətə külli miqdarda vergi borcu olan "Səba" ASC-nin öhdəlikləri son aylarda da artaraq 484 621,20 manat vergi borcu var. Şirkətin nizamnamə kapitalı 4,7 milyon manatdan 3,5 milyon manata qədər azalıb. Yeri gəlmişkən, şirkət 2023-cü ili 2 milyon 345 min manat xalis zərər ilə başa vurmuşdu. Halbuki 2022-ci ildə “Səba”nın gəlirləri 91 milyon 195 min manat (əvvəlki ilə nisbətən 26% çox) təşkil edirdi.
Son iki ildə maliyyə problemləri həll edilməyə çalışılan şirkətdə qanuni təmsilçi belə bu ilin mayında dəyişdirilib. ASC-yə rəhbər Vüqar Baloğlanov təyin edilib.
Qeyd etdiyimiz kimi, uzun müddətdir mediada "Səba" ASC-nin ciddi maliyyə sıxıntısı yaşadığına, hətta bağlanmasına dair məlumatlar yer alır.Bir müddət əvvəl şirkətin aktivlərini "Chicken Pro." MMC aldığı irəli sürülürdü. Eləcə də "Səba" ASC-nin törəmə şirkətlərdəki paylarını və torpaq sahələrini satması da gündəmdə idi. Hətta ötən ilin iyul ayının 29-da bununla bağlı "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı da çağrılmışdı. İclasın gündəliyində "Səba" ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması dayanırdı. Söhbət "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin, "Biləsuvar Aqro" MMC-nin, o cümlədən "Qarabağ Taxıl" MMC-nin iştirakçısı olduğu "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılmasından gedirdi. "Səba" ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin "Azerbrood" MMC-yə satılması da müzakirə mövzusu idi.
Qeyd edək ki, "Səba" ASC 1997-ci ildə yaradılıb. 2014-cü ilə qədər müəssisənin adı "Dəvəçi Broyler" olub.