AZ

Fransada hökumətə etimadsızlıq səsverməsi keçiriləcək

Ajans.az xəbər verir ki,bu barədə BFMTV telekanalı məlumat yayıb. Səsvermə yerli vaxtla saat 09:00-da başlayacaq. Etimadsızlıq qətnamələri oktyabrın 13-də solçu “Tabe Olmayan Fransa” (LFI) partiyası və sağçı “Milli Ralli” tərəfindən təqdim edilib. Mövcud hökumətin istefaya göndərilməsi üçün 289 deputatın lehinə səs verməsi tələb olunur. Kütləvi informasiya vasitələrinin hesablamalarına görə, hazırda 265 deputat hökumətin əleyhinə səs verməyə hazırdır – bu isə tələb olunan həddən 24 səs azdır. Bu baxımdan, Sosialist Partiyası (SP) məsələdə həlledici rol oynaya bilər. Partiyanın lideri Olivye For bildirib ki, hökumət pensiya islahatını dayandırmasa və ya geri götürməsə, etimadsızlıq səsverməsini dəstəkləyəcəklər. BFMTV-nin məlumatına görə, Fransa baş naziri Sebastyen Lekornu minimum pensiya yaşının artırılmasını 2027-ci ilə qədər təxirə salmaqla islahatı qismən dayandırmağı nəzərdən keçirir. Bu səbəbdən solçu müxalifət baş nazirin çərşənbə axşamı saat 15:00-da Milli Assambleyada çıxışını gözləyir. Digər tərəfdən, bəzi sağçı deputatlar islahatların tamamilə geri qaytarılmasına qarşıdır. Onlar hesab edirlər ki, hökumət bu addımı atarsa, Respublikaçılar Partiyası daxilində də ciddi narazılıqlar yarana bilər və bu, hakimiyyətə qarşı müqavimətə səbəb ola bilər.

 

Seçilən
8
Ajans.az

1Mənbələr