Bakı, 14 oktyabr, AZƏRTAC
Hakimiyyətin siyasi qollarının qanunsuz hərəkətləri məhkəmə müstəqilliyinə ən güclü təhdidlərdən biridir. Bu zaman siyasi fəaliyyət və iradə məhkəmə müstəqilliyinin artırılması üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi məruzəçisi professor Marqaret Sattertueyt Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfransda videomüraciət zamanı deyib.
Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Çərçivəsi dövlətin digər iki qolundan müstəqil olan bir məhkəmə sisteminin mövcudluğunu tələb edir. İnsan hüquqlarının və daha geniş mənada demokratiyanın müdafiəsi üçün üç mühüm ilkin şərt var: qanunun aliliyinə, hakimiyyət bölgüsünə və məhkəmə sisteminin funksiyasına və müstəqilliyinə hörmət. “Əgər hakimlər müstəqil deyillərsə, onlar qanunu güclü siyasi aktorlara bərabər tətbiq etməkdə və ya hökumətin təzyiqi qarşısında fundamental demokratik hüquqları müdafiə etməkdə çətinlik çəkə bilərlər. Struktur və funksional olaraq siyasi qurumlardan asılı olan ədliyyə sistemləri daha çox siyasi müdaxilə və hətta ələkeçirilmə riski altındadır. Beləliklə, BMT nöqteyi-nəzərindən məhkəmə sisteminin digər dövlət səlahiyyətlərindən struktur və funksional müstəqilliyi necə təmin edilə bilər? İnsan Hüquqları Komitəsi bu struktur tələblərdən bəzilərini qeyd edərək vurğulayıb ki, daxili qanunvericilik ədliyyə işçilərinin təyin edilməsi, mükafatlandırılması, vəzifədə qalması, yüksəldilməsi, fəaliyyətinin dayandırılması və vəzifədən azad olunması, habelə onlara qarşı tətbiq edilən intizam tənbehləri üçün aydın prosedurlar və obyektiv meyarlar müəyyən etməlidir. Müvafiq qaydada seçilmiş icra və ya qanunvericilik orqanı daxili hüquqi strukturları prosesdə bütün konstitusiya və ya qanuni tələblərə, o cümlədən beynəlxalq insan hüquqları hüququ ilə müəyyən edilmiş tələblərə cavab verərsə, dəyişə bilər. Bununla belə, müstəqil və qərəzsiz məhkəməyə olan mütləq hüquq qalır və heç bir istisnaya məruz qala bilməz. Hakimlərin təyin edilməsi və ya vəzifədən kənarlaşdırılması üsullarını dəyişdirən və ya məhkəmələrin idarəçiliyinə və ya fəaliyyətinə təsir edən hüquqi dəyişikliklər qanuni səbəblərə görə və məhkəmələrin müstəqilliyinin təminatları əsasında həyata keçirilə bilər. Amma bu cür dəyişikliklər hakimiyyətin siyasi qollarının təsirini artırarsa, qanunun aliliyinə və insan haqlarına təhlükə yaradır”.
Marqaret Sattertueytin sözlərinə görə, BMT-nin Məhkəmə Sisteminin Müstəqilliyinə dair Əsas Prinsipləri müəyyən edir ki, məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmət etmək və ona riayət etmək bütün hökumət və digər qurumların vəzifəsidir:”Təbii ki, bu o deməkdir ki, digər qollar hədə-qorxu, təhrik və ya sanksiyalar yolu ilə hakimlərin təyinatına və ya məhkəmə icraçısının fəaliyyətinə müdaxilə etməməli və ya yersiz təsir göstərməməlidir. Lakin bu qollar həm də məhkəmə müstəqilliyini dəstəkləmək və gücləndirmək üçün daha fəal addımlar atmalıdır. İcra və qanunverici orqan müstəqil məhkəmə qərarları ilə hətta açıq şəkildə razılaşmaya bilər, lakin onlara əməl etməlidir. BMT-nin Əsas Prinsipləri aydın şəkildə göstərir ki, hər bir dövlət məhkəmə sisteminin öz funksiyalarını lazımi şəkildə yerinə yetirməsi üçün adekvat resursları təmin etməlidir. Bu o deməkdir ki, siyasi qollar məhkəmə sistemini çox yükləməməli və az maliyyələşdirməməli, bununla da onu uğursuzluğa düçar etməməlidir".