Şəki Ağır Cinayətlər Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Hidayət Bəhrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında həbsə alınıb.
İttihama görə, hadisə fevralın 7-də Yevlax rayonunun Ərəş kəndi ərazisində baş verib.
Belə ki, rayon sakini Hidayət Bəhrəmov sürücülük vəsiqəsi olmadan, atasına məxsus "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən, kənd sakini, 2005-ci il təvəllüdlü Ələmdar Elgün oğlu Soltanovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ələmdar Soltanov reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı fevralın 13-də müalicə aldığı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.
Qeyd edək ki, ölən gənc hərbi xidmətini başa vuraraq evə yeni qayıdıbmış.