"Azərbaycan Prezidenti İlham Əliyevin Yaxın Şərqdə sülh prosesinə dəvət edilməsi və bu çərçivədə ABŞ Prezidenti Donald Tramp, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi regional və qlobal liderlərlə görüşməsi onu deməyə əsas verir ki, artıq Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal rol oynayan, qlobal proseslərin tənzimlənməsində iştirakı arzulanan bir dövlətə çevrilib".
Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Azər Hüseynov deyib.
Ekspert qeyd edib ki, bu dəvət və görüşlər Azərbaycanın son illərdə yürütdüyü müstəqil, balanslaşdırılmış və çoxşaxəli xarici siyasətin məntiqi nəticəsidir:
"Azərbaycan həm Qərb, həm də Şərq dünyası ilə münasibətlərində bərabərlik, qarşılıqlı hörmət və praqmatizm prinsiplərinə əsaslanır. Bu, ölkənin həm regional güc kimi, həm də beynəlxalq dialoq və əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi qəbul edilməsinə səbəb olub. Azərbaycanın müharibə və işğal dövründən çıxaraq azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı yenidənqurma və bərpa işləri dünya miqyasında diqqətlə izlənilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı, müasir infrastruktur layihələri, “Ağıllı kənd” və “Yaşıl enerji” konsepsiyaları Azərbaycanın postmünaqişə dövrü inkişaf modelini formalaşdırır. Bu model təkcə iqtisadi dirçəlişi deyil, həm də sosial inteqrasiya, dayanıqlı inkişaf və multikultural harmoniyanın bərpasını nəzərdə tutur".
Ekspertin fikrincə, bu təcrübə Yaxın Şərq kimi uzunmüddətli münaqişələr, etnik və dini ziddiyyətlərlə üzləşmiş bölgələr üçün çox dəyərli ola bilər:
"Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda əldə etdiyi təcrübə - bərpa, məcburi köçkünlərin geri dönüşü, mədəni irsin qorunması və sülhün sosial əsaslarının qurulması - bu gün Fələstin, Suriya və digər münaqişə bölgələri üçün praktik bir model təqdim edir".